Nəfisə Akiyeva: Kompozisiya süni intellekt tərəfindən yaradılsa belə, ona məna verən məhz sənətkardır

Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən yaradıcılıq sahəsində süni intellektin tətbiqi mövzusunda incəsənət xadimləri ilə söhbətləri davam etdirir. Bu dəfə Nəfisə Akiyeva ilə söhbət edirik. O, “Teatr O2”nin səhnəsində təqdim olunan “Kamera. Motor. Başladıq” adlı süni intellekt müziklində rol alır. Həmsöhbətimiz süni intellektlə iş təcrübəsindən bəhs edir, həmçinin “maşının” səhnədə yaradıcı insanı əvəz edə biləcəyi barədə fikirlərini bölüşür.
“Bu, teatrda və müzikldə iştirakla bağlı ilk təcrübəm idi. Bunun məhz “Teatr O2”də baş verməsinə çox şadam. Peşəkar komandada işləmək həm unudulmaz hisslər, həm də böyük zövq verdi.
Süni intellekt tərəfindən generasiya olunmuş musiqiyə gəlincə, bunu prosesdə prinsipial fərqli bir şey kimi hiss etmədim. Əksinə, süni intellekti prosesi sürətləndirən və yaradıcılıq üçün daha çox vaxt qazandıran müasir alət kimi qəbul etdim. Bizə məhdudiyyət qoyulmamışdı, əksinə, improvizasiya, fərdi interpretasiya və material daxilində öz səslənməmizi axtarmaq üçün kifayət qədər imkanımız var idi”, – deyə vokalçı bildirib.
Onun fikrincə, müəlliflik məsələsinə gəldikdə, vokalçı üçün musiqinin mənşəyindən çox, onun bu musiqiyə nə qatdığı daha önəmlidir.
“Kompozisiya süni intellekt tərəfindən yaradılsa da, sənətkar ona məna, emosiyalar və nəfəs verir, yəni ifanı canlı edən də məhz budur.
Biz elə bir dövrdə yaşayırıq ki, zaman ən dəyərli resursdur. Məhz buna görə insanlar prosesləri optimallaşdırmaq, vaxt qazanmaq və onu daha dərin yaradıcılığa və ya şəxsi işlərinə yönəltmək üçün süni intellekt kimi alətlərə getdikcə daha çox müraciət edəcəklər.
Bununla belə, əminəm ki, həqiqi incəsənəti tam əvəz etmək mümkün deyil. Çünki bu, insan emosiyalarını, təcrübəsini tamaşaçıya ötürdüyü enerjidir. Sənətkarla auditoriya arasında yaranan bu canlı əlaqəni heç bir texnologiya təkrarlaya bilməz”, – deyə N.Akiyeva vurğulayıb.







