
Azərbaycan və Ukrayna arasındakı münasibətlər həm tarixi köklərə, həm də müasir dövrün strateji reallıqlarına əsaslanan sarsılmaz bir tərəfdaşlıq modelidir. 2026-cı ilin aprelində Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana (Qəbələ şəhərinə) rəsmi səfəri bu əlaqələrin yeni, daha dinamik mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi.
Azərbaycan və Ukrayna arasındakı əlaqələr “strateji tərəfdaşlıq” statusuna malikdir. Bu təməl hələ 2008 və 2011-ci illərdə imzalanmış mühüm sənədlərlə qoyulmuşdur. Hər iki ölkə beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı və suverenlik məsələlərində bir-birini birmənalı şəkildə dəstəkləyir, BMT, ATƏT və digər təşkilatlarda Azərbaycan və Ukrayna hər zaman qarşılıqlı dəstək nümayiş etdirirlər.
25 aprel 2026-cı il tarixində Zelenskinin Qəbələyə səfəri, onun genişmiqyaslı müharibə başlayandan bəri Azərbaycana ilk səfəri olması baxımından tarixi xarakter daşıyır. Səfər çərçivəsində ticarət, energetika və kənd təsərrüfatı sahələrini əhatə edən 6 yeni sənəd imzalandı. Prezident İlham Əliyev qeyd etdi ki, bu, son dörd il ərzində liderlər arasında keçirilən yeddinci görüşdür. Bu, dövlət başçıları arasında yüksək etimadın göstəricisidir.
Ukrayna tərəfi Azərbaycanın göstərdiyi humanitar yardımlara (xüsusilə enerji avadanlıqları və mülki obyektlərin bərpası) görə dərin minnətdarlığını bildirdi.
Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasət kursunun dəyişməzliyini nümayiş etdirdi: “Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir.”
SOCAR-ın Ukraynadakı fəaliyyəti strateji əhəmiyyət kəsb edir. Azərbaycan enerji təhlükəsizliyi məsələlərində Ukraynanın etibarlı tərəfdaşı olmağa davam edir. Ticarət dövriyyəsinin yarım milyard dolları keçməsi müsbət hal olsa da, tərəflər bu rəqəmi daha da artırmaq əzmindədirlər. Azərbaycan müharibədən əziyyət çəkən ukraynalı uşaqların reabilitasiyasını (indiyədək 500-dən çox uşaq gəlib) və mülki infrastrukturun bərpasını öz öhdəliyi kimi görür.
Azərbaycanın Ukrayna iqtisadiyyatına qoyduğu sərmayələr (xüsusilə yanacaqdoldurma məntəqələri şəbəkəsi vasitəsilə) ölkənin ən iri xarici investorlarından birinə çevrilməsini təmin edib.Orta Dəhliz layihəsi çərçivəsində Ukrayna və Azərbaycan arasında logistik əlaqələrin genişləndirilməsi hər iki ölkə üçün yeni imkanlar açır.
Zelenskinin səfəri və İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan-Ukrayna münasibətləri konyunkturadan asılı deyil. Bu əlaqələr beynəlxalq hüququn ali prinsiplərinə – suverenlik və ərazi bütövlüyünə söykənən sarsılmaz bir dostluğun təzahürüdür. Bu tərəfdaşlıq təkcə iki ölkə üçün deyil, həm də regionun sabitliyi və gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Həmidə Ələfsərova,
Kimya- bilogiya təmayüllü Respublika liseyinin əməkdaşı, Nizami rayon fəalı



