AnalitikaDünyaGündəmSiyasət

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

15 iyun 2026-cı il tarixində Azərbaycan xalqının yaxın dostu, istefada olan kontr-admiral, professor Cihat Yaycının təsisçisi olduğu Türk Dənizçilik və Qlobal Strategiyalar Mərkəzində (Türk DEGS) “15 İyun Milli Qurtuluş Günü və Müasir Azərbaycan Ordusunun Qurulmasında Ümummilli Lider Heydər Əliyevin Tarixi Rolu” mövzusunda konfrans keçirilib.

Tədbirdə Avrasiya Türk Dərnəkləri Federasiyasının sədri İsmayıl Cengiz, Böyük Birlik Partiyasının Fatih rayon təşkilatının sədri Eyüp Ertal, TÜRSİP-in sədri İsmayıl Aktaş, Osmanlı Turan Federasiyasının sədri Şahin Çelik, Topkapı Universitetinin akademik heyəti, eləcə də müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfrans Türkiyə Respublikası və Azərbaycan Respublikasının Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış nitqlərində Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasındakı tarixi rolu və Azərbaycan-Türkiyə qardaşlığının strateji əhəmiyyəti vurğulanıb.

Konfransda çıxış edən istefada olan kontr-admiral, professor Cihat Yaycı bildirib ki, Heydər Əliyevin uzaqgörən və qətiyyətli dövlətçilik siyasəti sayəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olub. O, müasir Azərbaycan Ordusunun formalaşması prosesində həyata keçirilən uğurlu siyasətləri yüksək qiymətləndirib. Cihat Yaycı həmçinin Azərbaycanın Türkiyə ilə birgə həyata keçirdiyi siyasətləri və xüsusilə Şimali Kipr Türk Respublikası məsələsində nümayiş etdirdiyi prinsipial mövqeyi yüksək dəyərləndirərək Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkürünü ifadə edib. Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsinə toxunan Yaycı, iki qardaş ölkə arasındakı əlaqələrin artıq “Bir millət, tək dövlət, tək ordu” anlayışı səviyyəsinə yüksəldiyini qeyd edib.

Türk DEGS-in Qafqaz Təhlükəsizliyi üzrə eksperti, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Akif Qasımov isə məruzəsində 1991–1993-cü illərdə Azərbaycanda yaşanan siyasi böhran dövrünü, Heydər Əliyevin ölkəni bu böhrandan çıxararaq sabit və güclü dövlətə çevirməsini, iqtisadi və diplomatik uğurlarını, milli ordunun qurulmasındakı rolunu və Türkiyə ilə inkişaf etdirilən strateji tərəfdaşlığı iştirakçıların diqqətinə çatdırıb.

Akif Qasımov çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyevin müasir Azərbaycan Ordusunun inkişafındakı xidmətlərini xüsusi vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin uğurla davam etdirildiyini bildirib. O, 2020-ci ildə qazanılmış 44 günlük Vətən müharibəsi Zəfərinin və 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin Prezidentlər cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türk dünyası tarixində mühüm dönüş nöqtələrindən biri olduğunu qeyd edib.

Konfrans çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 15 İyun 1993-cü il Milli Qurtuluş prosesindəki fəaliyyətlərini və 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfəri əks etdirən videoçarxlar nümayiş olunub.

Tədbir iştirakçıların xatirə şəkli çəkdirməsi ilə başa çatıb.

Oxşar Xəbərlər

Back to top button