
“Psixiatriya yardımı haqqında” Qanuna dəyişiklik edilir.
Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin Səhiyyə komitəsinin iyunun 17-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanuna əsasən, psixiatriya müayinəsi şəxsin psixi vəziyyətini, psixiatriya yardımına ehtiyacı olub-olmadığını müəyyənləşdirmək, habelə psixiatriya yardımı göstərilməsi barədə qərar qəbul etmək məqsədilə həyata keçirilir. Qanunun 17.2-ci maddəsinə görə psixiatriya müayinəsi, habelə profilaktik müayinə şəxsin yaşadığı ərazinin müalicə-profilaktika müəssisələrinin göndərişinə əsasən, eləcə də müayinə olunanın və ya 16 yaşına çatmamış şəxsin valideynlərinin razılığı ilə, həmçinin fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxsin qanuni nümayəndəsinin xahişi ilə aparılır.
İnzibati Xətalar Məcəlləsinin 15-ci maddəsi anlaqsız vəziyyətdə hüquqazidd əməl törədən şəxsin inzibati məsuliyyətini istisna etsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin psixiatriya müayinəsi ilə əlaqədar prokuror və ya müvafiq səlahiyyətli şəxs tərəfindən qərarın qəbul edilməsi ilə bağlı “Psixiatriya yardımı haqqında” Qanunda hər hansı müddəa nəzərdə tutulmayıb. Odur ki, psixi pozuntu vəziyyətində olan şəxsin özünün, habelə başqa şəxslərin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə sözügedən Qanuna 19.2-1-ci və 17.4-cü maddələrin əlavə edilməsi təklif olunur.
Bu xüsusda psixi pozuntu vəziyyətində olan şəxslərin və ya onların qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı Qanuna yeni 17.2.5-ci maddənin əlavə edilməsi təklif edilir.
Eyni zamanda, bu kateqoriyadan olan şəxslərin məhkəmənin qərarına qədər qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi haqqında həkim-psixiatrın qərarı, psixiatriya müəssisəsinin rəhbəri tərəfindən dərhal həmin şəxslərin yaxın qohumlarına və qanuni nümayəndələrinə, prokurora və ya müvafiq səlahiyyətli şəxsə məlumat verilməsi ilə bağlı Qanunun 25.1-ci maddəsinə əlavənin edilməsi nəzərdə tutulur.
Bununla yanaşı, layihədə psixi pozuntusu olan şəxsin sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri haqqında məlumatların elektron sağlamlıq kartı sistemində saxlanılması, adıçəkilən şəxsə göstərilən yardım tədbirləri barədə məlumatların şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə edilməsi, həmin şəxsin qanuni nümayəndəsinə isə qeyd olunan məlumatların onun yazılı müraciətindən sonra 2 iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunması, habelə müalicədən imtina edilməsi ilə bağlı məlumatların elektron sağlamlıq kartı sisteminə daxil edilməsinə dair Qanunun 7.2-ci, 7.5-ci və 10.2-ci maddələrinə müvafiq müddəaların əlavə edilməsi təklif edilir.
Göstərilənlərdən əlavə, tibbi xarakterli məcburi tədbirlərə cəlb edilmiş, özünə və ya digərlərinə təhlükə yaradan şəxslərin digər pasiyentlərdən təcrid olunaraq müalicəsi və rejim qaydalarının təmin edilməsi məqsədilə Qanuna yeni 12.4-cü və 24.2-1-ci maddələrin əlavə edilməsi nəzərdə tutulur. Beləliklə, qanun layihəsinin qəbulu psixiatriya yardımı sahəsində qanunvericilikdə mövcud olan hüquqi boşluqların aradan qaldırılmasına və bu sahədə qaydaların təkmilləşdirilməsinə xidmət edəcək.



