AnalitikaGündəmSiyasət

Qarabağın bərpasına göstərilən dəstək sarsılmaz qardaşlığın bariz nümunəsinə çevrilib

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu proses təkcə ölkəmizin daxili imkanları hesabına deyil, həm də dost və qardaş dövlətlərin mənəvi dəstəyi ilə müşayiət olunur. Türkmənistanın Qarabağın yenidən qurulmasına verdiyi töhfə Azərbaycan–Türkmənistan münasibətlərində qardaşlığın və qarşılıqlı etimadın ən parlaq nümunələrindən biridir.

Prezident İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla keçirdiyi görüş zamanı bu məsələyə xüsusi toxunaraq, Türkmənistanın Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədovun Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü yüksək qiymətləndirdi. Artıq tikintisinə başlanılan bu məscid yalnız dini ibadət məkanı deyil, eyni zamanda iki qardaş xalqın dostluğunun və mənəvi birliyinin rəmzi olacaq.

İşğal dövründə Azərbaycanın şəhər və kəndləri ağır dağıntılara məruz qalmış, tarixi-mədəni irsə ciddi ziyan vurulmuşdur. Bu səbəbdən azad edilmiş torpaqların yenidən qurulması böyük maliyyə və insan resursları tələb edən genişmiqyaslı prosesdir. Belə bir dövrdə dost ölkələrin dəstəyi xüsusi əhəmiyyət daşıyır və Azərbaycan xalqı bu həmrəyliyi yüksək qiymətləndirir.

Türkmənistanın göstərdiyi dəstək siyasi maraqlardan daha çox ortaq tarixə, mədəniyyətə və mənəvi dəyərlərə söykənir. Hər iki xalqı birləşdirən dil, milli-mədəni yaxınlıq və əsrlər boyu formalaşmış dostluq münasibətləri bu gün konkret əməllərlə öz təsdiqini tapır. Füzulidə inşa edilən məscid gələcək nəsillərə də bu qardaşlığın əbədi simvolu kimi xidmət edəcək.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanın dostlarının sayı daha da artır. Qarabağın bərpasına müxtəlif dövlətlərin və beynəlxalq tərəfdaşların qoşulması ölkəmizə olan etimadın və hörmətin göstəricisidir. Türkmənistanın bu prosesdə fəal iştirakı isə Azərbaycan–Türkmənistan münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərlər, kəndlər, yollar, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilir. Məscidlərin və digər dini abidələrin bərpası isə Azərbaycanın milli-mənəvi dəyərlərə verdiyi önəmin göstəricisidir. Füzulidə tikilən məscid də bu böyük quruculuq salnaməsinin mühüm hissəsinə çevriləcək.

Qardaş Türkmənistanın Qarabağın bərpasına verdiyi dəstək bir daha sübut edir ki, əsl dostluq çətin günlərdə göstərilən münasibətlə ölçülür. Azərbaycan və Türkmənistan arasında mövcud olan sarsılmaz qardaşlıq münasibətləri bundan sonra da yeni layihələrlə daha da möhkəmlənəcək, ortaq dəyərlər və qarşılıqlı etimad üzərində qurulan əməkdaşlıq hər iki xalqın rifahına və regionda sabitliyin möhkəmlənməsinə xidmət edəcəkdir.

Lalə Həsənova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button