
Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti regionda davamlı sülhün və sabitliyin təmin edilməsinə yönəlib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində ölkəmiz təkcə öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib, həm də Cənubi Qafqazda əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşması üçün mühüm təşəbbüslərlə çıxış edib.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı regional təhlükəsizlik və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu, beynəlxalq tərəfdaşların bölgədə sülhün möhkəmlənməsinə xüsusi önəm verdiyini göstərir.
Azərbaycan postmünaqişə dövründə humanitar və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı, iqtisadi inteqrasiyanın gücləndirilməsi və qarşılıqlı etimadın artırılması regionun uzunmüddətli inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Sülhün möhkəmləndirilməsi yalnız siyasi razılaşmalarla məhdudlaşmır. Bunun üçün iqtisadi əməkdaşlığın genişlənməsi, xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi və regional layihələrin həyata keçirilməsi vacibdir. Azərbaycan bu istiqamətdə konstruktiv mövqe nümayiş etdirərək beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini davam etdirir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bu gün regionda sabitliyin və əməkdaşlığın əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Bu yanaşma həm ölkəmizin milli maraqlarına xidmət edir, həm də Cənubi Qafqazın sülh, təhlükəsizlik və inkişaf məkanına çevrilməsinə mühüm töhfə verir.
Nəzrin Həsənli,
YAP Nizami rayon təşkilatının fəalı



