AnalitikaGündəmQarabağ və Şərqi Zəngəzur

Laçın: Tarixi Ədalətin Bərpasından Qlobal Tərəqqiyə

Azərbaycanın yaxın tarixinin ən əlamətdar səhifələrindən biri olan Laçın şəhərinin azad edilməsi xalqımızın milli qürurunun və suverenliyinin təntənəsidir. 1992-ci ilin mayında erməni işğalçılarının tərəfindən zəbt edilən bu strateji rayon ağır dağıntılara, etnik təmizləməyə və mədəni irsin vandalizmə məruz qalmasına dözmüşdü. Lakin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Zəfər nəticəsində 2020-ci il dekabrın 1-də rayon, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana qaytarılmışdır.

Azad olunduqdan sonra bölgədə başlanan genişmiqyaslı bərpa işləri qısa müddət ərzində Laçını Cənubi Qafqazın ən müasir məkanına çevirmişdir. Rayonun enerji təminatı tamamilə ekoloji təmiz mənbələr – kiçik su elektrik stansiyaları hesabına həyata keçirilir. Güləbird, Mişni, Alxaslı, Zabux, Aşağı Malıbəyli, Mirik və Ağbulaq SES-lər mərkəzi SCADA sisteminə inteqrasiya olunmuşdur. 2026-cı ilin iyulunda açılışı olunan yeni stansiyalar və təməli qoyulan “Həkəriçay” su anbarı regionun strateji dayanıqlılığını təmin edir.

“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Zabux, Sus, Bəylik kəndləri və Laçın şəhərində inşa edilən müasir evlər minlərlə laçınlının doğma yurdlarına qayıdaraq daimi məskunlaşmasına şərait yaratmışdır. Kəndlərdə və şəhərdə tikilən məktəblər, uşaq bağçaları, tibb məntəqələri və klub-icma mərkəzləri yüksək yaşayış standartlarını təmin edir. Eyni zamanda, Zerti kəndində açılan “Laçın” İstirahət Kompleksi və Həkəri çayında yaradılan bulvar ərazisi turizmin inkişafına güclü təkan verir.

İqtisadi sahədə Laçın Aqro-Sənaye Parkının fəaliyyəti, mebel, tikiş və ayaqqabı fabriklərinin açılması yerli əhalinin məşğulluğunu təmin etmişdir. “Hoçazfilm” yaradıcılıq studiyası isə Qarabağın zəngin mədəni salnaməsini dünyaya çatdıran regional audiovizual mərkəz kimi fəaliyyət göstərir. Dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən Laçın Beynəlxalq Hava Limanı bölgəni qlobal logistika qovşağına çevirmişdir.

Laçının timsalında bütün Şərqi Zəngəzurun sürətlə dirçəlməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətinin və quruculuq siyasətinin parlaq nümunəsidir. Bu qədim diyar bu gün sülhün, tərəqqinin və firavan həyatın təntənəsini yaşayır.

Firuzə Əmirova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button