GündəmSiyasət

Dağların Şah Əsəri: Ağdərə Şəhəri Gününün Təntənəsi

Azərbaycanın dilbər guşələrindən biri, strateji mövqeyi və füsunkar təbiəti ilə seçilən Ağdərə şəhəri artıq azadlığın və böyük intibahın rəmzinə çevrilib. Otuz ilə yaxın davam edən işğal dövründən sonra öz doğma sahiblərinə qayıdan bu qədim diyar, bu gün öz şəhər gününü böyük qürur və təntənə ilə qeyd edir. Ağdərə Şəhəri Günü təkcə bir təqvim tarixi deyil, həm də tarixi ədalətin bərpasının və milli qürurumuzun təntənəsidir.

Qarabağ silsiləsinin ətəklərində, Tərtər çayının vadisində yerləşən Ağdərə zəngin meşələri, munis iqlimi və faydalı qazıntı yataqları ilə məşhurdur. Ərazidəki Alban dövrünə aid abidələr, o cümlədən məşhur Qandzasar monastırı bu torpağın qədim və zəngin mədəni irsə malik olduğunu bir daha sübut edir. Otuz illik həsrət dövründə Ağdərənin təbiətinə və infrastrukturuna vurulan ziyan böyük olsa da, şəhər bu gün yenidən öz əvvəlki əzəmətini bərpa edir.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri üzərində Azərbaycanın suverenliyi tam bərpa olundu. 15 oktyabr 2023-cü ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən şəhərdə Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı. Bu tarixi hadisə Ağdərənin tarixində yeni bir səhifə açdı.

Ağdərə Şəhəri Gününün təsis edilməsi, işğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi, bu diyarın da sürətli bərpasına və Böyük Qayıdış proqramının uğurla icrasına verilən yüksək dəyərin göstəricisidir.

Ağdərə rayonunun yenidən təşkil olunması ilə bölgədə genişmiqyaslı bərpa və quruculuq işləri geniş vüsət alıb.

Yolların çəkilməsi, elektrik, su və qaz xətlərinin bərpası, müasir kommunikasiya sistemlərinin qurulması,

su ehtiyatları ilə zəngin olan Tərtər çayı hövzəsində kənd təsərrüfatının, eləcə də regionun dağ-mədən potensialının yenidən ölkə iqtisadiyyatına inteqrasiya olunması Agdərənin günü-gündən inkişafının təcəssümüdür.Əsrarəngiz dağ mənzərələri və tarixi-dini abidələri ilə Ağdərənin gələcəkdə regionun mühüm turizm mərkəzlərindən birinə çevrilməsi nəzərdə tutulur.

Ağdərə Şəhəri Günü — keçmişin ağrı-acısını arxada qoyub, gələcəyə inamla addımlayan azad Qarabağın işıqlı sabaha olan inamının təcəssümüdür. Bu gün Ağdərə yenidən həyat qazanan və azərbaycanlıların öz doğma ocaqlarına qayıtdığı müqəddəs bir məkandır.

Həmidə Əliəvsərova,

KBTL-nin həkim pediatrı

Oxşar Xəbərlər

Back to top button