
2023-cü ilin sentyabrında baş verən hadisələr sadəcə hərbi bir əməliyyatın yekunu deyildi; bu, Prezident İlham Əliyevin çoxşaxəli və uzunmüddətli “Dəmir Yumruq” strategiyasının geostrateji müstəvidəki ən böyük qələbəsi idi. İllər boyu formalaşdırılan bu strategiya təkcə hərbi gücə deyil, eyni zamanda dərin diplomatik, iqtisadi və informasiya müharibəsi elementlərinə əsaslanırdı. Suverenliyin tam bərpası məhz bu elementlərin sinxron və ustalıqla tətbiqinin nəticəsidir.
Dövlət başçısı sübut etdi ki, müasir dünyada ərazi bütövlüyünü bərpa etmək üçün təkcə döyüş meydanında qalib gəlmək kifayət deyil. Beynəlxalq hüququn aliliyini rəhbər tutaraq, Azərbaycanın daxili işlərinə kənar müdaxilələrin qarşısını alan qlobal tərəfdaşlıq şəbəkəsinin qurulması həlledici rol oynadı. İlham Əliyevin qətiyyəti, regionda və dünyada gedən mürəkkəb siyasi prosesləri zərgər dəqiqliyi ilə analiz edərək ən doğru qərarları qəbul etməsi ölkəmizi bu tarixi günə çatdırdı.
Bu qələbə eyni zamanda Cənubi Qafqazın geosiyasi xəritəsini Azərbaycanın maraqlarına uyğun olaraq yenidən cızdı. “Boz zona”nın ləğvi, regionda xarici qüvvələrin manipulyasiya imkanlarını sıfıra endirdi. İndi Azərbaycan tam suveren dövlət kimi, heç bir xarici təzyiq olmadan, öz ərazisində qlobal miqyaslı logistik və enerji layihələrini sərbəst şəkildə inkişaf etdirir. Bu isə ölkəmizin regiondakı mütləq liderliyini təmin edir.
20 Sentyabr – Dövlət Suverenliyi Günü “Dəmir Yumruq” strategiyasının sarsılmazlığının simvoludur. Gələcək nəsillər Prezident İlham Əliyevin bu unikal dövlətçilik və sərkərdəlik təcrübəsini dərindən öyrənəcək, onun mirası isə güclü Azərbaycanın əbədi qarantı olaraq qalacaqdır.
Mircavid Hüseynov,
YAP Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 152” ərazi partiya təşkilatının sədri



