
Azərbaycanın 20 Sentyabrda əldə etdiyi tam dövlət suverenliyi yalnız lokal bir uğur deyil, həm də bütün Cənubi Qafqazda yeni, dayanıqlı regional təhlükəsizlik arxitekturasının formalaşmasına xidmət edən qlobal miqyaslı bir hadisədir. İllərdir regionun inkişafını tormozlayan separatizm ocağının Prezident İlham Əliyevin qətiyyəti nəticəsində məhv edilməsi xarici güclərin Cənubi Qafqazda manipulyasiya imkanlarını daraltdı və sülh prosesi üçün həlledici zəmin yaratdı.
Dövlət başçısı sübut etdi ki, regionda davamlı sülh yalnız beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və suverenlik prinsiplərinə birmənalı riayət edilməsi ilə mümkündür. Antiterror tədbirlərindən dərhal sonra İlham Əliyevin Ermənistanla sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılması istiqamətindəki təşəbbüslərini gücləndirməsi onun qəti sülhpərvər mövqeyini nümayiş etdirdi. O, qalib Lider olaraq, bölgədə əməkdaşlıq mühitinin yaradılması üçün yeni imkanlar pəncərəsi açdı.
Bu yeni təhlükəsizlik arxitekturası yalnız Azərbaycan və Ermənistan münasibətlərini deyil, eyni zamanda böyük Avrasiya məkanında tranzit, enerji və iqtisadi əməkdaşlıq formatlarını da əhatə edir. Zəngəzur dəhlizinin açılması perspektivi və regional logistika layihələrinin təhlükəsizliyi məhz 20 sentyabr zəfərinin yaratdığı yeni reallıqlara əsaslanır. Azərbaycan bu reallıqların əsas diktə edən tərəfi qismində çıxış edir.
20 Sentyabr – Dövlət Suverenliyi Günü Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazda qan tökülməsinə, münaqişələrə son qoyulan tarixi bir mərhələnin başlanğıcıdır. Bu gün biz güclü, suveren və sülhsevər Azərbaycanın regionda və dünyada əsas təhlükəsizlik tərəfdaşına çevrilməsini qürurla qeyd edirik.
Sevda Lalayeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 74” ərazi partiya təşkilatının sədr müavini


