AnalitikaGündəmSiyasət

Bayrağın kölgəsində qurulan yeni həyat

Azərbaycan bayrağı dövlətimizin müstəqilliyinin, suverenliyinin və dövlətçilik iradəsinin əsas rəmzlərindən biridir. Qarabağın şəhərlərində üçrəngli bayrağımızın dalğalanması Azərbaycanın dövlət suverenliyinin bərpasının görünən ifadəsidir. 2023-cü ilin sentyabr hadisələrindən sonra bütün Qarabağda dövlət hakimiyyətinin təmin edilməsi yeni mərhələnin başlanmasına səbəb oldu. Prezident İlham Əliyev Xankəndidə çıxışında Azərbaycan bayrağının bütün Qarabağda dalğalandığını və dövlət suverenliyinin tam təmin edildiyini vurğulamışdı.

Lakin bayrağın ucaldılması ilə proses bitmir. Əksinə, bundan sonra daha böyük məsuliyyət başlayır. Dövlət suverenliyinin davamlılığı həmin ərazilərdə insanların təhlükəsiz və normal həyatının təmin edilməsini, iqtisadi və sosial inkişafın həyata keçirilməsini, dövlət institutlarının fəaliyyət göstərməsini tələb edir. Bu baxımdan Qarabağda aparılan quruculuq işləri suverenliyin praktiki məzmununu ortaya qoyur. Dövlətin varlığı yalnız rəsmi binalarda deyil, məktəbdə, xəstəxanada, yolda, yaşayış evində və insanların gündəlik həyatında hiss olunur.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə həyata keçirilən quruculuq layihələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Xankəndidə Zəfər parkının yaradılması, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, Xocalıda insanların doğma şəhərə qayıtması və yaşayış məntəqələrinin bərpası dövlət siyasətinin müxtəlif istiqamətlərini bir araya gətirir. Eyni zamanda bərpa və idarəetmə sahəsində xüsusi dövlət mexanizmlərinin yaradılması bu prosesin sistemli şəkildə aparıldığını göstərir.

Bayrağın dalğalandığı torpaqlarda yeni həyatın qurulması Azərbaycan dövlətçiliyinin əən mühüm vəzifələrindən biridir. Burada doğulan uşaqlar üçün Qarabağ artıq yalnız müharibə tarixinin deyil, inkişaf və quruculuğun məkanı olacaq. Onlar məktəblərdə təhsil alacaq, yeni yollarla hərəkət edəcək, bərpa edilmiş şəhərlərin sosial və iqtisadi həyatında iştirak edəcəklər. Beləliklə, bayrağın ucaldılması ilə başlayan tarixi mərhələ yeni nəslin gələcəyinin qurulması ilə davam edir. Azərbaycan bayrağı Qarabağda yalnız Zəfəri deyil, həmin Zəfər üzərində qurulan yeni həyatı da simvolizə edir.

Bahadur Məmmədov,

YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 92a” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button