AnalitikaGündəmSiyasət

Xocalı: yaddaşın yanında qurulan gələcək

Xocalı adı Azərbaycanın milli yaddaşında ağır faciə ilə bağlı xüsusi yer tutur. Buna görə şəhərin bərpası yalnız tikinti layihəsi kimi qiymətləndirilə bilməz. Burada tarixlə gələcəyin paralel şəkildə yaşadılması məsələsi də xüsusi əhəmiyyət daşıyır. Xocalıda insanların yenidən məskunlaşması ilə şəhər həyatının bərpası bir tərəfdən qayıdışı, digər tərəfdən isə tarixi yaddaşın qorunmasını özündə birləşdirir.

Azərbaycan Prezidentinin 25 fevral 2025-ci il tarixli sərəncamı ilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması qərara alınıb. Sərəncamda kompleksin yaradılmasının faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və Xocalı faciəsinin beynəlxalq səviyyədə tanıdılması məqsədi daşıdığı qeyd olunur. Bu qərar Xocalının gələcəyinin onun tarixi yaddaşından ayrı düşünülmədiyini göstərən mühüm nümunədir.

Eyni zamanda Xocalıda həyatın bərpası istiqamətində konkret addımlar atılır. Yeni yaşayış evlərinin tikilməsi, sosial infrastrukturun yaradılması və insanların mərhələli şəkildə doğma şəhər və kəndlərinə qayıtması şəhərin sosial simasını dəyişir. Bu prosesin ən mühüm xüsusiyyəti ondadır ki, Xocalı yalnız xatırlanan bir şəhər deyil, insanların yaşadığı, işlədiyi, uşaqların böyüdüyü canlı yaşayış məkanına çevrilir.

Xocalının gələcəyi məhz bu iki istiqamətin vəhdətində formalaşır: yaddaş və həyat. Bir tərəfdə tarixi hadisələri gələcək nəsillərə çatdıracaq memorial məkan, digər tərəfdə yeni evlər və sosial obyektlər yaranır. Xocalının yenidən qurulması keçmişi unutmaq deyil; əksinə, keçmişi yadda saxlayaraq gələcəyi qurmaqdır.

Samirə Vəliyeva,

YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 100” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button