AnalitikaDünyaGündəmSiyasət

Zəfər, Birlik və İntibah: Prezident İlham Əliyev Dini Liderlərlə Görüşdə

Müasir dünyada multikulturalizm və sülh siyasətinin mərkəzlərindən biri olan Azərbaycan beynəlxalq dini və ictimai platformalara müvəffəqiyyətlə ev sahibliyi edir. Sentyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi nümayəndə heyəti bunun daha bir bariz təsdiqi idi. Dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısında, Yəhya Bakuvi Beynəlxalq Konfransında və Qafqaz Xalqları Ali Dini Şurasında təmsil olunan ali dini rəhbərləri və beynəlxalq qurumların təmsilçilərini qəbul etdi. Bu mötəbər görüş, Azərbaycanın həm regionda, həm də Türk və İslam coğrafiyasında mədəni-mənəvi yaxınlaşmaya nə dərəcədə böyük töhfə verdiyini və Prezident İlham Əliyevin bu proseslərdəki güclü, həlledici rolunu bütün dünyaya nümayiş etdirdi.

Görüş zamanı Prezident İlham Əliyev Azərbaycanın qədim dövlətçilik və mədəniyyət tarixinə diqqət çəkərək bəşər sivilizasiyasına bəxş etdiyimiz dühaları xatırlatdı. Dövlət başçısı vurğuladı ki, Seyid Yəhya Bakuvi kimi mütəfəkkirlərimizlə yanaşı, XII əsrdən üzü bəri yaşamış Nizami Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzuli kimi şairlərimizin qoyduğu irs bütün İslam aləminin ortaq dəyəridir. TDT-yə üzv olan yeganə Qafqaz ölkəsi kimi Azərbaycanın tarixi məsuliyyətini qeyd edən Prezident, qədim Qafqaz Albaniyasının Qəbələ və Atabəylər dövlətinin Naxçıvan şəhərlərinin Türk dünyası ilə Qafqazı birləşdirən ortaq keçmişin ən aydın göstəricisi olduğunu, bu gün də ölkəmizin bu birləşdirici missiyanı qürurla davam etdirdiyini qonaqların diqqətinə çatdırdı.

Çıxışında İslam aləmindəki həmrəylik məsələlərinə toxunan Prezident İlham Əliyev, birlik və sülh çağırışları səsləndirdi. O, müsəlman ölkələri arasındakı bəzi anlaşılmazlıqların xalqları narahat etdiyini bildirərək, Azərbaycanın hər zaman münaqişələrin deyil, həmrəyliyin tərəfdarı olduğunu dedi. 2017-ci ildə İslam Həmrəylik Oyunlarının bir idman yarışından çox, həqiqi birlik bayramına çevrildiyini qeyd edən dövlət başçısı, gələn il ölkəmizdə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün bu missiyanın davamı olacağını bildirdi. Prezident İlham Əliyev əminliklə bildirdi ki, yalnız vahid ailə kimi birləşməklə İslama qarşı məkrli planlar quran qüvvələrin qarşısını almaq və dünyada sülhü bərqərar etmək mümkündür.

Prezident İlham Əliyevin nitqinin ən təsirli və qürurverici hissəsi isə Vətən müharibəsində əldə edilmiş Zəfər və işğaldan azad edilmiş ərazilərdəki reallıqlarla bağlı oldu. O, nümayəndə heyətinin Qarabağa səfərinin böyük əhəmiyyət daşıdığını bildirərək, Ermənistan tərəfindən 30 il ərzində 65 məscidin və milli sərvətlərimizin bilərəkdən dağıdılmasını bütün İslam dininə təhqir kimi xarakterizə etdi. Buna baxmayaraq, xalqımızın Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ədaləti qan bahasına bərpa etdiyini söyləyən Prezident İlham Əliyev, qəhrəmanlıq nəticəsində düşmənin torpaqlarımızdan qovulduğunu vurğuladı. Bu gün 90 mindən çox soydaşımızın geri döndüyü Qarabağ və Şərqi Zəngəzurun sürətlə dirçəlməsi, Prezident İlham Əliyevin yenilməz iradəsinin və Azərbaycan dövlətinin qurucu gücünün parlaq rəmzidir.

Ceyhun Qafarov,
YAP Nizami rayon təşkilatının “Elşən Süleymanov küçəsi, 25/14” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button