
Azərbaycan Respublikası regional və qlobal miqyasda multikulturalizmin, dözümlülüyün və qarşılıqlı etimadın təşviqində müstəsna rol oynamaqdadır. Sentyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının, Yəhya Bakuvi Beynəlxalq Konfransının və Qafqaz Xalqları Ali Dini Şurasının iştirakçılarını qəbul etməsi ölkəmizin bu sahədəki qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Qardaş ölkələrin ali dini rəhbərlərinin, o cümlədən TDT Baş katibinin iştirak etdiyi bu mötəbər görüşdə dövlət başçısı qeyd etdi ki, belə miqyaslı tədbirlərin Azərbaycanda keçirilməsi xalqlarımız arasındakı qardaşlıq bağlarını daha da gücləndirir və beynəlxalq miqyasda sülhə mühüm töhfə verir.
Dövlət başçısı nümayəndə heyəti ilə söhbətində Azərbaycanın zəngin mədəni irsinə toxunaraq, xalqımızın bəşər sivilizasiyasına bəxş etdiyi dahi şəxsiyyətlərin fəaliyyətini xatırlatdı. O, TDT dini rəhbərlərinin toplantısı ilə eyni günlərdə XV əsr mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın təşkil olunmasının xüsusi məna daşıdığını bildirdi. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi və Məhəmməd Füzuli kimi dahilərin irsinin bütün İslam aləminin ortaq mənəvi sərvəti olduğunu deyən Prezident, Qafqaz Albaniyasının paytaxtı Qəbələ və Atabəylər dövlətinin mərkəzi Naxçıvan şəhərlərinin timsalında Azərbaycanın Türk dünyası ilə Qafqazı qovuşdıran unikal mənəvi məkan olduğunu qonaqların diqqətinə çatdırdı.
İslam coğrafiyasındakı mövcud reallıqlara və qlobal çağırışlara toxunan Prezident İlham Əliyev müsəlman dünyasında həmrəyliyin qorunmasının vacibliyini vurğuladı. O bildirdi ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı xətti ilə hər zaman sülh və barışığın təmin olunmasına çalışır; 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəylik Oyunları və ölkəmizdə baş tutacaq İƏT Zirvə Görüşü bunun əyani sübutudur. Dövlət başçısı qətiyyətlə bəyan etdi ki, müsəlman ölkələri arasındakı anlaşılmazlıqlara son qoymaq, xalqlarımızı vahid ailə kimi birləşdirmək və İslam dininə qarşı yönəlmiş məkrli təsirlərin qarşısını almaq yalnız birgə və müştərək səylərlə mümkündür.
Prezident İlham Əliyev qonaqların Qarabağa – Ağdam, Xankəndi, Xocalı və Şuşaya edəcəyi səfərə toxunaraq, Ermənistanın işğal dövründə 65 məscidi dağıtmasını və inanc yerlərimizi təhqir etməsini İslam dünyasına qarşı törədilmiş böyük vəhşilik kimi qiymətləndirdi. Lakin o qürurla qeyd etdi ki, Azərbaycan xalqı rəşadətli Ordunun gücü ilə tarixi ədaləti özü bərpa etmiş, işğalçılara və separatçılara lazımi dərsini vermişdir. Bu gün azad olunmuş torpaqlarda həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində 90 mindən çox insanın məskunlaşması, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycanın qurucu qüdrətini və əbədi Zəfərini bütün dünyaya nümayiş etdirir.
Şəbnəm Quliyeva,
YAP Nizami rayon təşkilatının fəalı



