
Dövlətlərarası təhlükəsizlik əməkdaşlığının əsas şərtlərindən biri qarşılıqlı etimaddır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarını qəbul edən Prezident İlham Əliyev təhlükəsizlik strukturları arasında əlaqələrin və koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb. Bu yanaşmanın əsasında məlumat və təcrübənin qarşılıqlı şəkildə paylaşılması dayanır.
TDT ölkələri arasında tarixi, mədəni və dil yaxınlığı siyasi əməkdaşlıq üçün əlavə sosial baza yaradır. Prezident İlham Əliyev çıxışında ortaq etnik köklərin, mədəniyyətlərin və dillərin oxşarlığının təşkilatın möhkəmlənməsində rol oynadığını qeyd edib. Bu amillər dövlətlər arasında qarşılıqlı etimadın formalaşmasına təsir edən mühüm faktorlardan biridir.
Təhlükəsizlik sahəsində etimad xüsusilə əhəmiyyətlidir. Dövlət qurumları arasında məlumat mübadiləsinin aparılması, birgə risk qiymətləndirmələrinin keçirilməsi və təcrübənin paylaşılması yüksək səviyyədə qarşılıqlı etimad tələb edir. Bakı toplantısı bu istiqamətdə birbaşa təmasların genişləndirilməsi üçün imkan yaradıb.
Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi fikirlər TDT ölkələrinin təhlükəsizlik sahəsində əlaqələrini daha sistemli müstəviyə keçirmək niyyətini nümayiş etdirir. Bu prosesin davamlı olması qarşılıqlı etimadın daha da möhkəmlənməsinə və ortaq təhlükəsizlik gündəliyinin formalaşmasına şərait yarada bilər.
Zeynəb Hacıyeva,
YAP Nizami rayon təşkilatının fəalı



