
Azərbaycanın ixrac potensialının genişləndirilməsi qeyri-neft sektorunun inkişafının mühüm istiqamətlərindən biridir. Yeni sənaye sahələrinin formalaşdırılması bu baxımdan ölkəyə əlavə imkanlar verir. 2027–2030-cu illər üçün dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı Azərbaycanın mineral ehtiyatlarının daha geniş şəkildə iqtisadi dövriyyəyə cəlb edilməsinə və yeni ixrac məhsullarının formalaşdırılmasına şərait yarada bilər.
Dağ-mədən sektorunda ixrac potensialının artırılması üçün əsas məsələ xammalın emal səviyyəsinin yüksəldilməsidir. Filizin ilkin formada ixracı ilə müqayisədə zənginləşdirilmiş məhsulların və metal məhsullarının ixracı daha yüksək əlavə dəyər yarada bilər. Dövlət başçısının çıxışında da əhəmiyyətli həcmdə yeni yataqlar aşkarlandığı halda yalnız filizin xarici bazara çıxarılmasının düzgün yanaşma olmayacağı vurğulanıb. Bu baxımdan tam istehsal zəncirinin yaradılması əsas məsələlərdən biridir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi də gələcək ixrac imkanları baxımından əhəmiyyətlidir. Ölkənin nəqliyyat dəhlizləri üzərində yerləşməsi istehsal olunan məhsulların müxtəlif bazarlara çıxarılması üçün logistika imkanları yaradır. Yeni mədən və metallurgiya müəssisələrinin nəqliyyat şəbəkələri ilə əlaqələndirilməsi məhsulların daşınma xərclərinin optimallaşdırılmasına və ixrac prosesinin səmərəliliyinin artırılmasına kömək edə bilər.
İxracın genişlənməsi eyni zamanda dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması və ölkənin xarici ticarət imkanlarının artması baxımından əhəmiyyətlidir. Dövlət Proqramı çərçivəsində yaradılacaq yeni istehsal güclərinin orta və uzunmüddətli perspektivdə qeyri-neft ixracının strukturunda yeni istiqamət formalaşdırması mümkündür. Bu isə dağ-mədən və metallurgiya sənayesinin Azərbaycanın iqtisadi şaxələndirmə siyasətindəki rolunu daha da artıracaq.
Samir Məmmədov,
YAP Nizami rayon təşkilatının “Yusif Səfərov küçəsi, 10” ərazi partiya təşkilatının sədr müavini



