
Azərbaycanın dağ-mədən sənayesinin inkişafında Daşkəsən regionunun xüsusi rolu var. Bu ərazidə mövcud olan dəmir filizi ehtiyatları uzun illər ərzində ölkənin sənaye potensialının mühüm hissəsini təşkil edib. Yeni Dövlət Proqramında Daşkəsən filiz yatağının istismarı və onun ətrafında digər layihələrin həyata keçirilməsi məsələsinə xüsusi diqqət yetirilməsi regionun gələcək sənaye inkişafı baxımından əhəmiyyətlidir. Qərb Sənaye Parkının yaradılması da məhz bu layihələrin həyata keçirilməsi ilə əlaqələndirilir.
Daşkəsəndə filiz hasilatının genişləndirilməsi yalnız mədən fəaliyyətinin artması anlamına gəlmir. Əsas məqsədlərdən biri filizin son məhsula qədər emal zəncirinin formalaşdırılmasıdır. Bunun üçün zənginləşdirmə müəssisələrinin, pelet və briketlənmiş dəmir istehsalı zavodlarının yaradılması nəzərdə tutulur. Bu yanaşma xammalın daha yüksək əlavə dəyərə malik məhsula çevrilməsinə imkan verə bilər.
Qərb Sənaye Parkının yaradılması Daşkəsən layihələrinin sənaye ekosistemi daxilində inkişafına şərait yarada bilər. Müəssisələrin eyni sənaye məkanında yerləşməsi logistika, enerji və digər infrastruktur imkanlarından səmərəli istifadə üçün şərait yarada bilər. Eyni zamanda, bir-biri ilə əlaqəli müəssisələrin fəaliyyəti regionda yeni təchizat və xidmət zəncirlərinin formalaşmasına səbəb ola bilər.
Daşkəsən layihələrinin reallaşdırılması regionun sosial-iqtisadi inkişafına da təsir göstərə bilər. Yeni müəssisələrdə iş yerlərinin yaradılması, yerli xidmət sahələrinin genişlənməsi və infrastrukturun inkişafı iqtisadi aktivliyi artıra bilər. Bununla yanaşı, bütün istehsal mərhələlərində ekoloji təhlükəsizliyin təmin edilməsi və müasir texnologiyaların tətbiqi əsas şərtlərdən biri olaraq qalmalıdır.
Sona Bəylərli,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini



