AnalitikaGündəmSiyasət

Enerji sisteminin modernləşdirilməsi investisiya siyasətinin yeni mərhələsidir

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji sektoruna dair çıxışında generasiya güclərinin artırılması ilə yanaşı elektrik şəbəkəsinin inkişafına diqqət yetirməsi strateji baxımdan mühüm məqamdır. Bərpaolunan enerji istehsalının artması enerji sisteminin idarə edilməsinə yeni tələblər yaradır. Günəş və külək enerjisinin istehsalı hava şəraitindən asılı olduğundan enerji sistemində çeviklik, balanslaşdırma və saxlanc imkanlarının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Bu kontekstdə Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda enerji saxlanc sistemləri və elektrik ötürücü xətlərinə dair fikirləri ayrıca təhlil olunmalıdır. Əgər Azərbaycanın bərpaolunan enerji istehsalı əhəmiyyətli həcmdə artırılacaqsa, bu enerjinin istehlak mərkəzlərinə və ixrac bazarlarına çatdırılması üçün şəbəkənin ötürmə qabiliyyəti də paralel şəkildə genişləndirilməlidir. Əks halda yeni generasiya güclərinin tam iqtisadi potensialından istifadə etmək çətinləşə bilər.

Enerji infrastrukturuna investisiya uzunmüddətli xarakter daşıyır. Elektrik xətləri, yarımstansiyalar, saxlanc sistemləri və rəqəmsal idarəetmə texnologiyaları bir neçə onillik üçün nəzərdə tutulan aktivlərdir. Bu səbəbdən belə layihələrdə investisiya qərarları yalnız mövcud tələbatla deyil, gələcək elektrik istehlakı, sənayeləşmə, data mərkəzləri və ixrac imkanları ilə birlikdə qiymətləndirilməlidir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu enerji infrastrukturunu məhz bu uzunmüddətli perspektivdən müzakirə etmək üçün əlverişli iqtisadi platformadır.

Prezident İlham Əliyevin təqdim etdiyi yanaşmada enerji infrastrukturu artıq yalnız daxili istehlakın təminatı məsələsi deyil. O, sənaye, rəqəmsal iqtisadiyyat, bərpaolunan enerji və regional ixrac siyasətinin kəsişdiyi sahəyə çevrilir. Buna görə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda enerji sisteminə dair müzakirələr Azərbaycanın gələcək iqtisadi modelinin texniki bazasının formalaşdırılması baxımından da əhəmiyyətlidir. Enerji keçidinin nəticə verməsi üçün generasiya, ötürmə, saxlanc və rəqəmsal idarəetmə vahid sistem kimi inkişaf etdirilməlidir.

Pərviz Həsənov, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button