AnalitikaGündəmSiyasət

YAP VIII Qurultayı: dövlət və cəmiyyət arasında yeni siyasi kommunikasiya

Müasir siyasi sistemdə dövlət və cəmiyyət arasında etibarlı kommunikasiya dövlət idarəçiliyinin mühüm göstəricilərindən biridir. YAP VIII Qurultayı bu baxımdan siyasi təşkilatların vətəndaşlarla münasibətlərinin yeni kommunikasiya texnologiyaları əsasında qurulmasının əhəmiyyətini önə çıxarır. Cəmiyyətin informasiya əldə etmə imkanları genişləndikcə siyasi təşkilatların da fəaliyyətini daha açıq, operativ və müasir kommunikasiya prinsipləri əsasında qurması zərurəti yaranır.

Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm xüsusiyyətlərindən biri xalqla birbaşa ünsiyyətə böyük əhəmiyyət verməsi idi. Ulu Öndər Heydər Əliyev müxtəlif sosial qruplarla görüşlər keçirir, onların problemlərini dinləyir və dövlət siyasətinin mahiyyətini cəmiyyətə birbaşa izah edirdi. Bu siyasi ünsiyyət modeli dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edirdi.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə kommunikasiya imkanları rəqəmsal texnologiyaların inkişafı hesabına daha da genişlənib. Sosial media, elektron xidmətlər, rəqəmsal platformalar və operativ informasiya kanalları vətəndaşların dövlət qurumları ilə əlaqəsini asanlaşdırır. Bununla yanaşı, sürətli informasiya mühiti siyasi kommunikasiya qarşısında dəqiqlik, operativlik və məsuliyyət kimi əlavə tələblər yaradır.

YAP bu prosesdə dövlət və cəmiyyət arasında siyasi əlaqələrin gücləndirilməsində mühüm rol oynaya bilər. Partiyanın yerli təşkilatları və fəalları vətəndaşların sosial və ictimai gözləntilərini öyrənməklə yanaşı, dövlət siyasətinin məqsədlərini də izah edə bilərlər. Bu qarşılıqlı kommunikasiya siyasi qərarların ictimai qəbulunu və vətəndaş iştirakını gücləndirən amilə çevrilə bilər.

YAP VIII Qurultayı beləliklə siyasi kommunikasiya mədəniyyətinin yeni mərhələsini formalaşdırmaq baxımından da əhəmiyyətlidir. Müasir siyasi təşkilat cəmiyyətlə yalnız seçki dövrlərində deyil, daimi və sistemli şəkildə ünsiyyətdə olmalıdır. Etimad, açıq dialoq, operativ informasiya və ictimai məsuliyyət prinsipləri YAP-ın gələcək siyasi fəaliyyətinin əsas kommunikasiya dayaqlarından birinə çevrilə bilər.

Sevinc Həmzəyeva,
YAP Nizami rayon təşkilatının “Rizvan Teymurov küçəsi, 73” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button