AnalitikaGündəmSiyasət

YAP-ın VIII Qurultayı: qarşıda duran yeni hədəflərə doğru

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Qurultayda Prezident İlham Əliyevin geniş və məzmunlu çıxışı Azərbaycanın son illərdə keçdiyi şərəfli yolun nəticələrinə nəzər salmaqla yanaşı, qarşıdakı dövrdə görüləcək işlərin əsas istiqamətlərini də aydın şəkildə ortaya qoydu.

Dövlətimizin başçısının çıxışında Azərbaycanın qazandığı tarixi Zəfərin ölkəmizin həyatında yaratdığı yeni reallıqlar xüsusi vurğulandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması xalqımızın çoxəsrlik tarixinin ən mühüm hadisələrindən biridir. Bu Qələbə dövlətimizin gücünü, xalqımızın iradəsini və milli birliyimizin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyevin nitqində diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın bundan sonrakı inkişaf mərhələsi ilə bağlı müəyyən edilən prioritetlər oldu. Artıq qarşıda duran əsas vəzifə əldə edilmiş tarixi nailiyyətləri qorumaq, ölkəmizin iqtisadi və siyasi gücünü daha da artırmaq, insanların rifahını yüksəltmək və Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirməkdir. Bu baxımdan qurultay yeni dövrün çağırışlarına verilən mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər.

Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən dövlətçilik, milli birlik və xalqın rifahı kimi mühüm prinsipləri fəaliyyətinin əsas istiqamətləri kimi müəyyənləşdirib. Bu gün partiyanın sıralarında yüz minlərlə insanın birləşməsi YAP-a olan yüksək ictimai etimadın göstəricisidir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi üzərində formalaşan və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə inkişaf edən bu siyasi xətt Azərbaycanın uğurlarının əsas dayaqlarından biridir.

Qurultayda səslənən fikirlər bir daha göstərdi ki, Azərbaycanın qarşısında böyük məqsədlər və yeni hədəflər dayanır. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, regionların inkişafı, iqtisadi potensialımızın artırılması və ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi qarşıdakı dövrün mühüm istiqamətlərindəndir. Bu proseslər Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

Prezident İlham Əliyevin çıxışında xalqımızın milli həmrəyliyinin və dövlət-xalq birliyinin xüsusi əhəmiyyət daşıması da diqqətdən yayınmadı. Azərbaycanı tarixi qələbələrə aparan əsas amillərdən biri məhz xalqımızın öz Liderinə olan inamı və dövlətçilik ətrafında sıx birləşməsidir. Bu birlik qorunduğu və daha da möhkəmləndirildiyi təqdirdə qarşıya qoyulan bütün məqsədlərin uğurla həyata keçiriləcəyinə inam böyükdür.

YAP-ın VIII Qurultayı mənim üçün həm keçmiş uğurların qiymətləndirilməsi, həm də gələcəyə baxış baxımından əlamətdar hadisədir. Prezident İlham Əliyevin qurultaydakı çıxışı bir daha göstərdi ki, Azərbaycan öz inkişaf yolunu inamla davam etdirir və qarşısına qoyduğu məqsədlərə mərhələli şəkildə nail olur. İnanıram ki, Yeni Azərbaycan Partiyası bundan sonra da dövlətimizin daha da güclənməsi, milli maraqlarımızın qorunması və ölkəmizin davamlı inkişafı naminə üzərinə düşən məsuliyyətli vəzifələri layiqincə yerinə yetirəcək.

Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button