AnalitikaGündəmSiyasət

Zəfərdən yeni mərhələyə: Prezident İlham Əliyevin YAP VIII Qurultayında siyasi mesajları

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi yeni siyasi mərhələnin mühüm hadisəsinə çevrildi. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultayda Prezident, YAP Sədri İlham Əliyevin çıxışı Azərbaycanın keçdiyi tarixi yolun siyasi qiymətləndirilməsi ilə yanaşı, qarşıdakı dövrün əsas hədəflərini də müəyyənləşdirdi.

Prezidentin çıxışında ən mühüm siyasi məqamlardan biri Azərbaycanın yeni reallıqlar şəraitində fəaliyyət göstərməsidir. 2020-ci il Zəfəri və 2023-cü ildə dövlət suverenliyinin tam bərpası Azərbaycanın tarixində yeni səhifə açıb. Dövlət başçısı bu tarixi nəticələrin milli birlik, siyasi iradə və uzunmüddətli dövlət strategiyasının nəticəsi olduğunu vurğulayıb.

Prezident İlham Əliyevin xarici siyasətlə bağlı mesajı da xüsusi diqqət çəkib. Azərbaycanın müstəqil siyasət kursunu bundan sonra da davam etdirəcəyi vurğulanıb. Milli maraqların qorunması, beynəlxalq münasibətlərdə praqmatik yanaşma və dövlətin müstəqil qərarvermə imkanlarının saxlanılması xarici siyasətin əsas istiqamətləri kimi önə çıxıb.

Dövlət başçısı çıxışında Azərbaycanın müdafiə qüdrətinin daha da artırılmasının vacibliyini xüsusi qeyd edib. Tarixi Zəfərin qorunması və yeni təhlükəsizlik çağırışlarına hazır olmaq üçün hərbi potensialın daim gücləndirilməsi qarşıdakı mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilib. Eyni zamanda informasiya və ideoloji təhlükəsizliyin müasir dövrdə milli təhlükəsizliyin mühüm tərkib hissəsinə çevrildiyi vurğulanıb.

Prezidentin mesajlarında iqtisadi güc də xüsusi yer tutur. Güclü iqtisadiyyat, sosial rifah, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi Azərbaycanın müstəqil inkişafının əsas dayaqlarıdır. Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin davam etdirilməsi və Böyük Qayıdış prosesinin sürətləndirilməsi də yeni mərhələnin əsas istiqamətlərindəndir

Prezident İlham Əliyev YAP-ın Azərbaycanın ictimai-siyasi həyatındakı rolunu xüsusi vurğulayaraq partiyanın fəaliyyətinin ölkə ilə yanaşı, region üçün də əhəmiyyət daşıdığını bildirib. VIII Qurultay YAP-ın keçdiyi yolun yekunu deyil, yeni tarixi mərhələnin qarşıya qoyduğu vəzifələrin başlanğıc nöqtəsi kimi təqdim olundu.

Beləliklə, Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi mesajların ümumi mahiyyəti aydındır: Azərbaycan Zəfər mərhələsini başa vuraraq yeni inkişaf, təhlükəsizlik və dövlət quruculuğu mərhələsinə qədəm qoyub. Qarşıdakı əsas vəzifə əldə edilmiş tarixi nailiyyətləri qorumaq, dövlətin gücünü daha da artırmaq və Azərbaycanın yeni hədəflərinə inamla irəliləməsini təmin etməkdir.

Yeganə Abbasova,
YAP Nizami rayon təşkilatı “Bəhruz Buriyev küçəsi, 10a” ərazi partiya təşkilatının sədr müavini, Nizami Bələdiyyəsinin sədr müavini

Oxşar Xəbərlər

Back to top button