AnalitikaGündəmSosial
Trend

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Rəşadət Xalıqov,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini

Məktəb uşaqlar üçün cəmiyyətə atdıqları ilk addım, özlərini tapdıqları ikinci evdir. Məhz buna görə də məktəb mühiti elə qurulmalıdır ki, orada hər bir uşaq özünü tamamilə bərabər, dəyərli və təhlükəsiz hiss etsin. Bir anlıq sinif otağını təsəvvür etsək görərik ki, fərqli ailələrdən, fərqli maddi imkanlardan və mühitlərdən gələn onlarla uşaq eyni partanı bölüşür. Onların məktəb qapısından içəri girərkən tək bir ortaq cəhəti sadəcə şagird olmaq olmalıdır. Vahid məktəbli forması əslində birliyin, bərabərliyin ən gözəl göstəricisidir. Sinifdə fərqləndirici geyim elementlərinin istər bahalı marka geyimlərin, istərsə də dini atributların olmaması uşaqlar arasında yarana biləcək görünməz psixoloji sədləri darmadağın edir.

Lakin son zamanlar vahid məktəbli formasını “hicaba qarşı qadağa” kimi qələmə vermək cəhdlərini görürük. Heç şübhəsiz ki, bu, bəzi xarici dairələrin və müxtəlif ideoloji hərəkatların məqsədli təbliğatıdır. Halbuki burada məqsəd kiminsə inancına qarşı çıxmaq kimi başa düşülməməlidir. Əsas məqsəd mütləq bərabərliyi qorumaq, ölkəmizin ideoloji təhlükəsizliyini təmin etmək və ən əsası övladlarımızın heç bir kənar təsirə məruz qalmadan təhsil almasıdır.

Mən özüm də müsəlmanam və İslam dəyərlərinə dərindən hörmət edirəm. Lakin həddi-büluğa çatmamış, dünyagörüşü hələ tam formalaşmamış bir uşağı böyüklərin dünyasına aid olan dini ideologiyalarla yükləmək onların o təmiz dünyasına haqsızlıqdır. Heç bir uşağın erkən yaşda seçiminə müdaxilə etmək, həmçinin məktəbdə hansısa şəxsin dini təbliğat aparmasına imkan vermək olmaz. Uşaq əvvəlcə təhsil almalı, dünyanı dərk etməli, şəxsiyyət kimi formalaşmalı və yalnız bundan sonra artıq yetkin və azad bir fərd olduqda öz mənəvi seçimini özü təyin etməlidir.

Bu baxımdan müəllimlərimizin də üzərinə böyük, bəlkə də həlledici məsuliyyət düşür. Unutmamalıyıq ki, müəllim uşaq üçün ən böyük nümunədir. Körpə yaşlarından uşaqlar müəllimlərinin hərəkətlərini, danışığını, hətta geyimini belə şüuraltı olaraq mənimsəyir, ona bənzəməyə çalışırlar. Biz uşaqlarımızı kənar ideoloji təsirlərdən qorumağa çalışarkən, onlara təhsil verən şəxslərin vizual olaraq hər hansı bir dini mənsubiyyəti nümayiş etdirməsi məktəbin “neytral məkan” prinsipi ilə birbaşa ziddiyyət təşkil edir. Sinif otağına daxil olan pedaqoq öz fərdi inanclarını, ideoloji kimliyini məktəbin qapısında qoymağı bacarmalı, uşaqların qarşısına heç bir fərqləndirici atribut daşımayan aydın ziyalı kimi çıxmalıdır.

Heç şübhəsiz bəzi qərarların qəbulu və icrası çətin, cəmiyyətin müəyyən kəsimi üçün bəlkə də ağrılı ola bilər. Lakin məsələ dövlətimizin varlığı, milli mövcudluğumuz və müstəqilliyimizdirsə, heç bir güzəştdən söhbət gedə bilməz. Azərbaycançılıq dəyərləri, dövlətimizin dünyəvi sütunları hər şeydən və hər kəsdən üstün olmalıdır. Çünki məktəblərimizdə formalaşan təhsilli gənclik həm də gələcək Azərbaycan dövlətidir.

Allah xalqımızı və dövlətimizi qorusun!

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button