AnalitikaGündəmOrduQarabağ və Şərqi ZəngəzurSiyasət

Qarabağın dəmir qapısı: Füzulinin azadlıq və Zəfər salnaməsi

Azərbaycanın qədim və zəngin tarixinə malik olan Füzuli rayonu ölkəmizin cənub-qərbində yerləşir. Əsrlər boyu bu torpaq Azərbaycan mədəniyyətinin, incəsənətinin və ədəbiyyatının inkişafına mühüm töhfələr verib. Dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası məhz bu torpaqda yerləşir.

Lakin 1993-cü ilin avqust ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Füzuli ağır bəlalarla üzləşdi. İşğal dövründə rayonun bütün infrastrukturu, yaşayış məntəqələri və tarixi abidələri vəhşicəsinə darmadağın edildi. Füzulinin yüz minlərlə sakini doğma yurdlarından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məcbur qaldı.

Amma füzulililərin ürəyindəki doğma yurd sevgisi və qayıdış ümidi heç vaxt sönmədi. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin yeni şanlı səhifəsini açdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Füzuli istiqamətində düşmənin qurmuş olduğu möhkəm istehkam xəttlərinin yarılması strateji dönüş nöqtəsi oldu. Qısa müddət ərzində qəhrəman Azərbaycan əsgərləri tərəfindən rayonun bir sıra kəndləri işğaldan azad edildi. 2020-ci il oktyabrın 17-də isə Azərbaycan Ordusu Füzuli şəhərini düşmən tapdağından tamamilə təmizlədi.Həmin tarix Azərbaycan xalqının yaddaşına əbədi olaraq Füzuli Şəhəri Günü kimi həkk olundu. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla hər il oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd edilir. Füzulinin azad olunması digər istiqamətlərdə, xüsusilə Şuşa əməliyyatının uğurla tamamlanmasında həlledici rol oynadı.

Şəhərin azad olunmasından dərhal sonra dövlət başçısının tapşırığı ilə miqyaslı bərpa işlərinə başlanıldı.MİC (Müzəffər Ali Baş Komandan) İlham Əliyev işğaldan azad olunan Füzuliyə dəfələrlə səfərlər edib.Prezidentin Füzuliyə hər səfəri yeni layihələrin təməlinin qoyulması və ya istifadəyə verilməsi ilə əlamətdar olub. Səfərlər zamanı dövlət başçısı tərəfindən Füzuli Beynəlxalq Hava Limanının təməli qoyulmuşdur. Qısa zaman çərçivəsində inşa edilən bu hava limanı Qarabağın beynəlxalq aləmə açılan qapısına çevrildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzulidə aparılan tikinti-quruculuq işlərini şəxsən nəzarətdə saxlayırlar. Dövlət başçısının səfərləri çərçivəsində Füzuli-Şuşa zəfər yolunun da təməli qoyulmuş və inşa edilmişdir. Bu yol işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən nəqliyyat strategiyasının mühüm hissəsidir.

Füzuli şəhərində müasir yaşayış kompleksləri, məktəblər, bağçalar və xəstəxanalar inşa olunub. “Ağıllı şəhər” konsepsiyası əsasında yenidən qurulan Füzuli müasirliyi və rahatlığı özündə birləşdirir. Azad olunan torpaqlara “Böyük Qayıdış” Dövlət Proqramı uğurla icra edilməkdədir. İlk köçürülən ailələr məhz Füzuli şəhərinin sakinləri oldu və onlar doğma ocaqlarına qovuşdular. Prezident İlham Əliyev Füzuliyə növbəti səfərləri zamanı köçkünlərlə görüşərək onlara mənzillərin açarlarını təqdim etmişdir. Bu görüşlər zamanı doğma yurda qayıdan vətəndaşların sevinc və qürur göz yaşları hər şeyi əyani şəkildə nümayiş etdirirdi. Füzulidə yeni iş yerləri yaradılır, sənaye zonaları təşkil olunur və iqtisadi fəallıq bərpa edilir. Rayonun ərazisində həyata keçirilən aqrar layihələr regionun ərzaq təhlükəsizliyinə xidmət edir. Tarixi abidələr, məscidlər dövlət tərəfindən bərpa olunur və milli irsimiz yenidən canlandırılır.

Füzuli Şəhəri Günü həm də şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi müqəddəs gündür. Azərbaycan əsgərinin qanı və canı bahasına qazanılmış bu zəfər xalqımızın qürur mənbəyidir. Bu gün Füzulinin hər bir küçəsində, hər bir binasında həyat yenidən qaynayır. Uşaqların sevinc dolu səsləri, məktəblərdə səslənən zəng səsləri bu torpağın əbədi sahiblərinə qayıtdığını sübut edir. Füzuli artıq xarabalıqlar diyarı deyil, inkişaf edən, gələcəyə inamla baxan müasir şəhərdir.

Dövlətimizin qətiyyətli siyasəti sayəsində Qarabağın hər bir qarışı kimi Füzuli də cənnt məkərinə çevrilməkdədir.

17 oktyabr tarixi hər bir azərbaycanlının qəlbində sonsuz fəxrlə qeyd olunmağa davam edəcək. Qarabağ Azərbaycandır!

Elnurə Ramazanova,
Nizami rayonu 201 saylı məktəbin direktor müavini  

Oxşar Xəbərlər

Back to top button