AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Zəngilanın azadlığı: Şanlı Zəfərin strateji Zirvəsi  

Azərbaycan tarixinin ən şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi xalqımızın əzmini, birliyini və Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi altında qazanılan tarixi Qələbəni bütün dünyaya nümayiş etdirdi. Bu qələbə salnaməsində hər bir gün, hər bir istiqamət xüsusi əhəmiyyət daşısa da, 20 oktyabr tarixi – Zəngilan şəhərinin və rayonun böyük hissəsinin işğaldan azad olunduğu gün həm hərbi-strateji baxımından, həm də mənəvi-psixoloji aspektlərdən müstəsna mərhələyə çevrildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il oktyabrın 20-sinin Zəngilan Şəhəri Günü kimi qeyd olunması bu torpağın qazanılmasının dərin tarixi mənasını bir daha önə çəkir. Zəngilanın azadlığı sadəcə hərbi uğur deyil, həm də otuz illik həsrətin sonu, yeni günün başlanğıcı, tükənməz ümid və parlaq gələcəyin təntənəsidir.

2020-ci ilin payızında cənub cəbhəsindən başlayan əks-həmlə əməliyyatları düşmənin illərlə qurub möhkəmləndirdiyi müdafiə xətlərini qısa müddətdə darmadağın etdi. Füzuli və Hadrutun azad olunmasından sonra qüvvələrimizin sürətli irəliləyişi Zəngilan istiqamətində həlledici mərhələni başlatdı.

Zəngilan rayonu birbaşa Azərbaycan-İran dövlət sərhədində yerləşir. Rayonun işğaldan azad edilməsi dövlət sərhədlərimizin bərpası prosesində çox böyük hərbi-strateji dönüş yaratdı.

Zəngilanın azad olunması ilə düşmənin logistik xətləri tamamilə qırıldı, təchizat yolları nəzarət altına alındı. Bu, həm də növbəti mərhələdə Qubadlının və Laçın dəhlizinə doğru irəliləyişin təmin olunmasında mühüm tramplin rolunu oynadı.

Azərbaycan əsgərinin çətin dağlıq relyefə, meşələrə və düşmənin güclü istehkamlarına baxmayaraq göstərdiyi peşəkarlıq, qəhrəmanlıq və şücaət hərbi tarixə qızıl hərflərlə yazıldı. Həmin il dekabrın 23-də Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Zəngilanda Azərbaycan bayrağının ucaldılması bu zəfərin hüquqi təsdiqi oldu.

1993-cü ilin oktyabr ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Zəngilan rayonu ağır faciələrlə üzləşmişti. Əhalinin məcburi köçkünə çevrilməsi, yurd-yuvalarından didərgin düşməsi zəngilanlıların qəlbində dərin yaralar açmışdı. Lakin ötən otuz il ərzində bu torpağa olan sevgi və qayıdış əmiyyəti bir an olsun belə sönmədi.

20 oktyabr tarixi zəngilanlılar üçün sadəcə təqvim yarrağı deyil, həyatlarının “Yeni Günü” – qaranlıq illərdən işığa, həsrətdən qovuşmaya keçid mərhələsidir. Həmin gün həm də ədalətin bərqərar olduğu, xalqımızın milli qürurunun özünə qaytarıldığı müqəddəs bir an kimi yaddaşlara həkk olunub.

Zəngilan bu gün yalnız azad olunmuş məkan deyil, həm də Azərbaycanın gələcəyə hesablanmış quruculuq strategiyasının simvoludur. İşğaldan azad edildikdən dərhal sonra başlanan misilsiz bərpa işləri bu torpaqlarda həyatın yenidən canlanmasına səbəb oldu.

Zəngilanın Birinci Ağalı kəndi ölkəmizdə “Böyük Qayıdış” proqramının ilk pilot layihəsi olaraq qısa müddətdə ən müasir standartlara uyğun şəkildə – “Smart Village” (Ağıllı kənd) konsepsiyası əsasında yenidən quruldu. Doğma yurdlarına qayıdan ağalılılar orada müasir şəraitdə yaşayaraq həm də bütün dünyaya Azərbaycanın quruculuq potensialını nümayiş etdirdilər.

Qısa müddətdə inşa edilərək istifadəyə verilən Zəngilan Hava Limanı rayonun beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilməsində əsas rol oynayır.

Zəngəzur dəhlizinin mərkəzində yerləşən Zəngilan bölgələrarası iqtisadi əlaqələrin genişlənməsində, tranzit imkanlarının artmasında mühüm körpü rolunu oynayır. Eyni zamanda, rayonda “yaşıl enerji” zonasının yaradılması, təmiz texnologiyaların tətbiqi gələcək nəsillər üçün sağlam ekosistem vəd edir.

Zəngilan Şəhəri Günü gələcəyə inamla baxmağın, qurub-yaratmağın və sülh içində yaşamağın təntənəsidir. Bu gün azad Zəngilanda tikilən məktəblər, xəstəxanalar, parklar, salınan yollar və uşaqların şən səsləri gələcəyə olan ən böyük ümid mesajıdır.

Şəhidlərimizin qanı, qazilərimizin canı bahasına əldə edilən bu azadlıq əbədidir. Zəngilan artıq xarabalıqları ilə deyil, dünyanın ən müasir, ağıllı və abad yaşayış məntəqələrindən biri kimi qürurla addımlayır. Bu şanlı Zəfər Azərbaycan xalqının gücünü, birliyini və hər zaman qalib olacağını gələcək nəsillərə ötürən sarsılmaz bir irsdir.

Nəbiyeva İradə,
Nizami rayonu 129 saylı məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button