GündəmSosial

“Vətənin Xəyalı” kitabının təqdimat mərasimi keçirilib

20 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının inzibati binasında yazıçı-publisist Manya Səxavətqızının müəllifi olduğu Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş mayor Məmmədov Xəyal Ağabəy oğlunun həyat və döyüş yoluna həsr edilmiş “Vətənin Xəyalı” kitabının təqdimat mərasimi keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, dövlət rəsmiləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərin, o cümlədən mayor Xəyal Məmmədovun əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış nitqi ilə çıxış edən kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Vətən Fədailəri” layihəsinin rəhbəri, 14 kitabın müəllifi Manya Səxavətqızı yaradıcılığının əsas istiqamətlərindən birinin şəhidlərimizin adlarının yaşadılması və onların həyat hekayələrinin gələcək nəsillərə çatdırılması olduğunu bildirib. Müəllif “Vətənin Xəyalı” kitabının da bu mənəvi missiyanın davamı kimi xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra şəhidin ailə üzvləri çıxış edərək Xəyal Məmmədovla bağlı xatirələrini və fikirlərini bölüşüblər. Çıxışlarda onun Vətən qarşısında xidmətləri, yüksək insani keyfiyyətləri, ailəsi və doğmaları üçün əvəzsiz bir insan olması diqqətə çatdırılıb. Şəhidin ailəsinin yaşadığı itki ağrısı ilə onun qəhrəmanlığına duyulan qürur tədbir iştirakçıları tərəfindən dərin ehtiramla qarşılanıb.

Mərasimdə Milli Məclisin deputatı Vüqar İskəndərov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Bəhman Hüseynov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Nizami Bələdiyyəsinin sədr müavini Yeganə Abbasova, Geologiya İnstitutunun direktoru Elçin Vəliyev, 337 nömrəli tam orta ümumtəhsil məktəbinin sabiq direktoru Naimə Əliyeva, “Vətən Fədailəri” layihəsinin dəstəkçisi Şahin Məmmədov, eləcə də şəhidin hərbçi yoldaşları, dostları və silahdaşları çıxış ediblər.

Çıxışlarda şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin, onların həyat və döyüş yolunun ictimaiyyətə çatdırılmasının, qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Azərbaycan xalqının Zəfər tarixi Vətənə sədaqət, milli birlik və qəhrəmanlıq nümunəsi göstərən igid oğullarımızın fədakarlığı ilə yazılıb. Onların göstərdiyi şücaət, Vətən torpağına bağlılığı və dövlətə sədaqəti gənc nəsil üçün örnəkdir.

Qeyd olunub ki, “Vətənin Xəyalı” kitabı milli yaddaşın qorunmasına, qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasına xidmət edən mənəvi dəyərdir. Belə nəşrlər şəhidlərimizin xatirəsinin yaşadılmasına, onların ailələrinə ehtiramın ifadəsinə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfə verir.

Mayor Xəyal Məmmədovun adı və əziz xatirəsi bundan sonra da ailəsinin, doğmalarının, silahdaşlarının qəlbində, eləcə də Azərbaycanın şanlı Zəfər tarixində yaşayacaq. Vətən uğrunda canından keçən qəhrəmanların fədakarlığı xalqımızın yaddaşında əbədi yer tutur.

Sonda tədbir iştirakçılarına “Vətənin Xəyalı” kitabı təqdim olunub və xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button