AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Kəlbəcər – Qəhrəmanlıq tarixindən Böyük Qayıdışa uzanan yol

Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcər zəngin təbiəti, füsunkar dağ mənzərələri, mineral su ehtiyatları və qədim tarixi ilə seçilir. Bu torpaq xalqımızın milli-mədəni irsinin mühüm hissəsini təşkil edir. 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd olunarkən, ilk növbədə, doğma yurdlarından didərgin düşmüş insanların illərlə yaşatdıqları qayıdış arzusu, dövlətimizin əzmi və Azərbaycan Ordusunun qəhrəmanlığı yada düşür.

Kəlbəcərin 1993-cü ildə işğal olunması Azərbaycanın müstəqillik tarixinin ən ağır faciələrindən biri idi. Rayonun əhalisi doğma evlərini tərk etmək məcburiyyətində qaldı, yüzlərlə insan həyatını itirdi, minlərlə ailənin taleyi dəyişdi. İşğal nəticəsində bölgənin iqtisadi potensialına, təbii sərvətlərinə və mədəni irsinə ciddi zərbə vuruldu. Buna baxmayaraq, kəlbəcərlilər milli kimliklərini, adət-ənənələrini və doğma yurda bağlılıqlarını qoruyub saxladılar.

2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə Kəlbəcərin də azadlığına yol açdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi hərbi uğurlar nəticəsində Ermənistan tərəfi üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcəri Azərbaycana qaytarmağa razı oldu. Noyabrın 25-də rayonun azad edilməsi xalqımız üçün böyük sevinc və qürur mənbəyinə çevrildi. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ idi.

Kəlbəcər bu gün yeni inkişaf mərhələsini yaşayır. Dövlət tərəfindən həyata keçirilən bərpa layihələri rayonun gələcək iqtisadi və sosial inkişafına hesablanıb. Müasir avtomobil yollarının çəkilməsi, enerji infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və turizm potensialının inkişaf etdirilməsi bölgənin strateji əhəmiyyətini daha da artırır. Xüsusilə İstisu ərazisində həyata keçirilən layihələr Kəlbəcərin sağlamlıq və turizm mərkəzi kimi inkişafına geniş imkanlar yaradır.

Böyük Qayıdışın əsas məqsədi keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etməkdir. Kəlbəcərdə yeni evlərin, yolların və sosial obyektlərin inşası bu məqsədə xidmət edir. Kəlbəcər Şəhəri Günü azadlığın, dirçəlişin və gələcəyə inamın bayramıdır. Bu gün həm də şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, qazilərimizin qəhrəmanlığına minnətdarlıq ifadəsidir.

İradə İsmayılova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 33” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button