Kəlbəcər – milli yaddaşımızın daşlaşmış salnaməsi

Hər bir xalqın tarixində onun milli yaddaşını qoruyan, keçmişlə gələcək arasında mənəvi körpü yaradan məkanlar mövcuddur. Kəlbəcər də Azərbaycan xalqının tarixi yaddaşında belə xüsusi yer tutur. Bu diyarın qədim yaşayış izləri, tarixi abidələri, xalq yaradıcılığı nümunələri və zəngin mədəni irsi onun Azərbaycan tarixindəki mühüm mövqeyini təsdiqləyir.
Kəlbəcərin mədəni irsi yalnız tarixi tikililərdən ibarət deyil. Burada əsrlər boyu formalaşmış el sənəti, folklor nümunələri, musiqi ənənələri, aşıq yaradıcılığı və zəngin şifahi xalq ədəbiyyatı mövcuddur. Bu dəyərlər nəsildən-nəslə ötürülərək bölgənin özünəməxsus mədəni kimliyini formalaşdırıb. Kəlbəcərin hər bir tarixi guşəsi xalqımızın keçmişindən xəbər verən qiymətli yaddaş nümunəsidir.
1993-cü ildə rayonun işğal olunması bu irsin qorunmasına ciddi maneələr yaratdı. Bir sıra tarixi və mədəni abidələr dağıntılara məruz qaldı, mədəniyyət müəssisələrinin fəaliyyəti dayandı, bölgənin tarixi-mədəni mühiti zərər gördü. Lakin işğal Kəlbəcərin Azərbaycan xalqının yaddaşındakı yerini dəyişə bilmədi. Doğma torpağa bağlılıq və milli irsə sahib çıxmaq əzmi qorunub saxlanıldı.
Kəlbəcərin 2020-ci ildə azad edilməsi tarixi-mədəni irsimizin qorunması üçün yeni imkanlar açdı. Dövlətin diqqəti ilə bölgədə bərpa və tədqiqat işlərinin aparılması, abidələrin mühafizəsi və mədəni dəyərlərin gələcək nəsillərə çatdırılması mühüm vəzifəyə çevrildi. Xudavəng monastır kompleksi də Kəlbəcərin tarixi-mədəni irsinin öyrənilməsi və qorunması baxımından diqqət çəkən abidələrdəndir.
Kəlbəcər Şəhəri Günü münasibətilə bu diyarın tarixi və mədəni sərvətlərini daha dərindən tanıtmaq hər birimizin mənəvi borcudur. Gənc nəsil Kəlbəcərin keçmişini öyrənməli, onun mədəni irsinə sahib çıxmalı və bu dəyərləri gələcəyə daşımalıdır. Çünki tarixi yaddaşını qoruyan xalqın milli kimliyi və dövlətçilik düşüncəsi də daim möhkəm olur.
Aysel Əliyeva,
YAP Nizami rayon təşkilatının “Rüstəm Rüstəmov küçəsi, 56” ərazi partiya təşkilatının sədr müavini



