Heydər Əliyev və Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsinin əsasını qoyublar
Rusiya ölkəmizlə münasibətlərin daha da genişlənməsində maraqlıdır. İqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf fazasına qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan da Rusiya ilə münasibətlərə önəm verir. Xarici siyasətdə Heydər Əliyev tərəfindən qoyulmuş və milli maraqlara söykənən ənənələri böyük məharətlə davam etdirən Prezident İlham Əliyev Rusiya ilə əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə diqqət yetirir. Ötən illərdə dövlət başçılarının qarşılıqlı səfərləri, təbii ki, ikitərəfli münasibətlərə təsirsiz ötüşməyib. Bu səfərlərin müsbət nəticələri özünü təkcə siyasi sferada göstərmir. İki ölkə arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının əyani təsdiqidir. Hazırda Azərbaycanla Rusiya arasında münasibətlər keyfiyyətcə yeni mərhələdə inkişaf edir. Hər iki ölkə sabitliyə, konstruktivliyə, təkcə yaxın gələcəkdə deyil, həm də ən uzunmüddətli perspektivdə mehriban qonşuluğa meyil göstərirlər. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ötənilki seçkilərdə qalib gəldikdən sonra Cənubi Qafqaz ölkələrindən ilk səfərini Azərbaycana etməsi bunun təsdiqi sayıla bilər. Bu səfər Rusiyanın Azərbaycan dövlətinə və hakimiyyətinə olan ehtiramının və önəminin göstəricisi idi. Çünki Rusiyada da yaxşı bilirlər ki, Azərbaycan Cənubi Qafqazın ən əhəmiyyətli strateji ölkəsidir və bu mənada Şimal qonşumuz Azərbaycanın timsalında etibarlı tərəfdaş görür. Ən əsası, həmin səfər Azərbaycanla Rusiya arasında münasibətlərin gərgin olması ilə bağlı bəzi dairələrdə səslənən fikirləri alt-üst etməklə yanaşı, həm də Azərbaycanın müstəqil siyasət həyata keçirdiyini təsdiqlədi. Prezident İlham Əliyev və Vladimir Putin arasında danışıqların olduqca yüksək atmosferdə keçməsi, dövlət başçılarının timsalında səmimi tərəfdaşlığa söykənən Azərbaycan-Rusiya münasibətlərini nümayiş etdirdi. Hazırda Rusiya və Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayan subyektlər qismində həm də ölkələrimizin müxtəlif rayon və şəhərləri çıxış edir. Onlar ümumi tərəqqiyə xidmət edən siyasətin vacib elementlərinə çevrilərək bir-biri ilə qurduğu münasibətlərlə əməkdaşlığa özünəməxsus töhfələr verirlər. Bu xüsusda Rusiya Federasiyasının Həştərxan vilayəti ilə əlaqələr xüsusi qeyd olunmalıdır. Həştərxan vilayəti və onunla eyni adı daşıyan şəhərlə Azərbaycanın tarix boyu sıx əlaqələri olub. Bunu şərtləndirən əsas səbəblərdən biri Xəzər dənizində olan qonşuluqdur. Bu amil tarixən əlaqələrin formalaşmasında mühüm rol oynayıb. Ulu öndərin abidəsi isə dostluğun rəmzi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin söylədiyi fikirlər çox qısa müddətdə real həyatda öz təsdiqini tapmağa başladı. 2011-ci il mayın 19-da “Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” mövzusunda keçirilən forum çərçivəsində Həştərxanın mərkəzində, Naberejnaya Privoljskovo Zatona küçəsində Heydər Əliyev adına parkın təntənəli açılışı olub. Parkın açılışı Azərbaycan və Rusiya dövlətləri, həmçinin onların xalqları arasında münasibətlərin, regionlararası əməkdaşlığın tarixində daha bir parlaq səhifədir. Azərbaycan hökumətinin təşəbbüsü ilə parkda həyata keçirilən yenidənqurma tədbirləri, görülən digər işlər Həştərxan şəhərinin simasına yenilik gətirib, daha da gözəlləşdirib. Elə həmin gün Rusiya-Azərbaycan dostluq körpüsünün təməli qoyulub. Azərbaycanla Rusiya arasında əlaqələrin genişlənməsi digər sahələrdə də münasibətlərin yaranmasına yol açır. Azərbaycan Prezidenti İlham Əliyev Moskvada rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşdə bildirib. Rusiyalı həmkarına müraciət edən dövlətimizin başçısı deyib: “Məhz Sizin 2001-ci ildə Azərbaycana səfərinizdən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi və biz bu gün artıq bu münasibətləri müttəfiqlik qismində təkcə de-fakto deyil, həm də de-yure səciyyələndiririk” Ötən ilin əvvəlində Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanmasını xatırladan Prezident İlham Əliyev onu münasibətlərimizin ruhunu və xarakterini, ölkələrimizin daha sıx qarşılıqlı əlaqələrə səylərini əks etdirən mühüm siyasi sənəd kimi qiymətləndirib.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı