Analitika

Dost və qardaş ölkə Pakistan ilə əlaqələrimizin yeni müstəviyə çıxması hər iki ölkə üçün əhəmiyyət kəsb edir

Pakistan və Azərbaycan arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladım ki, Pakistan Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanı 1991-ci ilin oktyabrında tanıyan ilk üç dövlətdən birincisidir. Diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulmuşdur. Ümumiyyətlə, Azərbaycan-Pakistan münasibətlərinin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük töhfələr vermişdir. Bu gün iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə uğurla davam etdirilir.

Dost və qardaş ölkə Pakistan ilə əlaqələrimizin yeni müstəviyə çıxması heç şübhəsiz, Qarabağ münaqişəsi ilə bağlıdır. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmamış, onu bir dövlət kimi tanımamışdır. Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib.

Cari ilin iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Şahbaz Şəriflə təkbətək və geniş tərkibdə görüşü olub. Pakistanın işğal səbəbindən Ermənistanla diplomatik münasibətlər qurmaqdan çəkinən qardaş ölkə kimi mövqeyini vurğulayan Əliyev Baş nazir Şərifə Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları barədə məlumat verib. Prezident bildirib ki, sülh sazişinin imzalanması perspektivləri Ermənistanın siyasi iradə göstərməsi və Qarabağı Azərbaycanın bir hissəsi kimi rəsmən tanıması şərtilə mövcuddur. Pakistanın Ermənistanla diplomatik münasibətlər qurmaqdan çəkinən ölkələr arasında unikal mövqeyini vurğulayan Baş nazir Azərbaycanı dəstəkləməyin mənəvi borc olduğunu deyib. O bildirib ki, Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasından sonra işarə versə, Pakistan öz mövqeyini yenidən nəzərdən keçirəcək. Şərif Pakistanın bu məsələdə Azərbaycana davamlı dəstəyini vurğulayıb. Bəli, bu gün Azərbaycanın etibarlı strateji tərəfdaşı, dost və qardaş Pakistan müasir dünya siyasətində davamlı yüksəlişə malik olan, iqtisadi imkanları və siyasi qüdrəti ilə fərqlənən aparıcı güc mərkəzlərindən biridir. Məmnunluqla qeyd etmək lazımdır ki, ortaq dəyərlərə əsaslanan və tarixi köklərə malik olan Azərbaycan-Pakistan münasibətləri nümunəvi xarakter daşıyır və yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər.

Rzayeva Səba,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button