
1992-ci il 21 noyabr tarixi Azərbaycan siyasi yaddaşında xüsusi yer tutur. Bu gün Naxçıvan şəhərində keçirilmiş Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı ölkəmizin müstəqillik yolunda qarşılaşdığı ağır sınaqlar dövründə dövlətçiliyin xilası üçün atılmış tarixi addım kimi dəyərləndirilir. Həmin zaman respublika siyasi böhran, idarəetmədə xaos və separatizm meyillərinin güclənməsi ilə üz-üzə qalmışdı. Xalqın taleyüklü çağırışlara cavab verəcək liderə ehtiyacı getdikcə daha qabarıq şəkildə hiss olunurdu.
1992-ci ilin yay-payız ayları ölkədə dərin siyasi qarşıdurma və idarəetmə böhranı ilə müşayiət olunurdu. Qarabağda vəziyyət ağırlaşır, sosial-iqtisadi sahədə tənəzzül daha da dərinləşirdi. Mövcud iqtidar milli maraqları təmin etməkdə aciz qalmış, cəmiyyətin müxtəlif təbəqələrində narazılıq yüksəlmişdi. Belə bir şəraitdə müxtəlif bölgələrdən olan ziyalılar, ictimai-siyasi xadimlər və vətənpərvər dövlətçilik tərəfdarları bir araya gələrək ölkəni düşdüyü vəziyyətdən çıxara biləcək yeni siyasi qüvvənin yaradılmasını zəruri hesab etdilər.
Bu məqsədlə 91 nəfər tanınmış ziyalının imzası ilə ümummilli lider Heydər Əliyevə müraciət ünvanlandı. Təşkilatlanma prosesi qısa zamanda geniş ictimai dəstək topladı və yeni siyasi hərəkatın əsası qoyuldu.
1992-ci il 21 noyabrda Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda ölkənin müxtəlif bölgələrindən nümayəndələr iştirak edir, partiyanın ideoloji xətti, məqsəd və vəzifələri müzakirə olunurdu. Toplantı böyük həvəslə və ümumi siyasi iradə birliyi şəraitində keçdi.
Konfrans iştirakçıları ölkənin ağır vəziyyətdən çıxarılması üçün xalqın etimadını, siyasi iradəsini və təşkilati bacarığını özündə birləşdirən lider – Heydər Əliyevin partiyanın sədri seçilməsini tarixi zərurət kimi qiymətləndirdilər. Beləliklə, Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçildi. Bu qərar Azərbaycanın siyasi gələcəyinin formalaşmasında dönüş nöqtəsi oldu.
Yeni Azərbaycan Partiyasının təsis konfransı təkcə yeni bir siyasi təşkilatın yaranması deyil, həm də Azərbaycanda müasir siyasi sistemin formalaşmasının əsas mərhələsi idi. Konfransda qəbul edilmiş qərarlar qısa müddət ərzində ölkədə siyasi sabitliyin bərpasına, dövlətçilik ənənələrinin möhkəmlənməsinə xidmət etmiş, milli həmrəyliyin təmin olunmasına mühüm töhfə vermişdir.
Sonrakı dövrdə YAP-ın siyasi fəaliyyəti Azərbaycanın inkişaf strategiyasının müəyyənləşdirilməsində, dövlət müstəqilliyinin qorunmasında və yeni iqtisadi-sosial modelin qurulmasında mühüm rol oynadı. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı və onun rəhbərliyi ilə həyata keçirilən islahatlar həmin konfransın tarixi əhəmiyyətini daha da artırdı.
1992-ci il 21 noyabr – Yeni Azərbaycan Partiyasının təsis konfransı Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu konfrans ölkənin xaos və böhran girdabından çıxarılmasına, milli həmrəyliyin təmin olunmasına, müstəqil Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşməsinə mühüm təkan verdi. Bu gün həmin tarixi hadisə Azərbaycan xalqının siyasi iradəsinin, müdrik seçim prinsiplərinin və dövlətçilik düşüncəsinin təntənəsi kimi qiymətləndirilir.
Əlizadə Günel,
Yeni Azərbaycan partiyası,məsləhətçi



