Bu gün ulu öndərimiz Heydər Əliyevin arzuladığı sağlam, vətənpərvər, intellektli gənclik formalaşıb. Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O öz həyatını qurarkən, öncə, müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Həmçinin, hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bugünü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur.
Ulu öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Məhz bunun nəticəsidir ki, bu gün ölkə gəncləri ulu öndər Heydər Əliyevə və onun layiqli davamçısı, Prezident İlham Əliyevə böyük etimad göstərir və özünün gələcək inkişaf perspektivini onun adı ilə bağlayır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi olarıq.
Prezident 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncam imzaladı. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxardı. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) “Gənclər ili” elan edilməsində də göstərdi. 2007-ci ildə prezident İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzaladı. Proqram çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur. 2011-ci ilin 6 aprel tarixində prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzaladı. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə Prezident İlham Əliyev 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verdi. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədini qoyuldu. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu.
Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident Cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayır, bu siyasətin icrasında daim onun yanındadaır. Əziz gənclər bayramınız mübarək!
Mirsadıq Səməndərli,
YAP-ın gənc fəalı