
Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.20 Yanvar xalqımızın həyatında dərin və sonsuz hüzn törətməsinə baxmayaraq, ulu öndər onu tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmiş, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltmişdir. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.Beləki,Azərbaycan xalqına qarşı tətbiq edilən bu vəhşilik əks-təsir yaratmış və müstəqil Azərbaycan Respublikasının qurulmasında dönüş nöqtələrindən biri olmuşdur. Bu faciədən sonra Azərbaycan xalqı səsini daha da yüksəklərə çatdırmaq üçün səy göstərmiş, 18 oktyabr 1991-ci ildə müvəffəqiyyət qazanaraq, müstəqilliyini bütün dünyaya elan etmişdir.Ancaq Azərbaycanın o vaxtkı səriştəsiz, satqın, vəzifələrini itirməkdən qorxan rəhbərləri olmasa idi,müstəqilliyə gedən yolda belə böyük bir faciə baş verməzdi.20 Yanvar faciəsinin yaşandığı o ağır günlərdə Azərbaycan xalqı böyük bir həqiqəti də bütün mahiyyəti ilə dərk etdi. Bu həqiqət isə ondan ibarət idi ki, meydanda həqiqi lider yox idi.Belə ağır bir faciənin baş verməsinə baxmayaraq,o vaxtkı hakimiyyətdə olan satqınlar hələ də vəzifə davası edirdilər.Hakimiyyətdə olmamasına baxayaraq məhz ümummilli lider Heydər Əliyevhadisənin səhəri günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırmışdı.Beləliklə,o faciəli günlərdə Ümummilli Lider Heydər Əliyevin respublikada yoxluğu ən böyük və ən acı həqiqəti kimi dərk olundu.
Xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdışından sonra məhz Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi.
Azərbaycan xalqı hər zaman Vətən uğrunda canlarından keçən şəhidlərinin əziz xatirəsini uca tutur.Həmçinin onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunur. Belə ki, cənab İlham Əliyevin bu istiqamətdə müvafiq Fərman və sərəncamlar imzalaması qazi və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir.Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir.Eləcə də 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı sağlamlığını itirən vətəndaşlarımız hər zaman dövlət başçımızın diqqətindədir. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb.
Ölkəmizin sosial-iqtisadi inkişafı deməyə əsas verir ki,Vətənimizin müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı göstərilməsi bundan sonra da davam etdiriləcək.
Təvəkkül Əliyev,
YAP Şuşa rayon təşkilatının sədri



