AnalitikaGündəmSiyasət

20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıqlar

Azərbaycan xalqının tarixində ən kədərli və eyni zamanda şanlı səhifə olan 20 Yanvar qırğınının 35-cü ili tamam olmaqdadır.

20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.

Əfsuslar olsun ki, o dövrdə dövlət aparatında yüksək vəzifələr tutmuş ayrı-ayrı “rəhbər”lərin başı kreslo davasına qarışmışdı. Bu cür şəxsi ambisiyaların hökm sürdüyü bir dövrdə Azərbaycanın xalqının mənafeyini yüksək tribunalardan səsləndirən, onun hüquqlarını müdafiə edən liderə ehtiyacı var idi. Tariximizin qanlı səhifəsinin yazıldığı bu vaxtda yalnız ulu öndər Heydər Əliyev dühası xalqın nicatı ola bilərdi. Həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi.20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.

Ulu öndər 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam hüquqi-siyasi qiymət verilsin.  1994-cü il yanvar ayının 5-də ulu öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim edilən və nəhayət, həmin ilin mart ayında təsdiqlənən 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verən bu sənəd bir daha Azərbaycan xalqının ona qarşı cinayət törətmiş caniləri mühakimə etmək iqtidarında olduğunu sübut etdi.Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə – 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.

Elmir Rzayev,
YAP Şuşa rayon təşkilatının əməkdaşı   

Oxşar Xəbərlər

Back to top button