2026 və 2027-ci illərdə neftin qiyməti necə dəyişəcək?

Yeni il tətillərindən sonra açılan dünya birjalarında neftin qiymətində böyük kataklizmlər müşahidə edilmədi. Geosiyasi məkanda baş verən dəyişiklik hələlik qiymətlərə təsir etmir və OPEC üzvü olmayan ölkələr hasilatı hələ də ötənilki səviyyədə saxlayıb.
İnfosoium.az AZƏRTAC-a istinadən xəbər verir ki, ötən il dünyada baş verən bir sıra qlobal xarakterli hadisələr dünya bazarında neftin qiymətinin enməsi tendensiyasını davam etdirdi.
Yaxın Şərqdə Suriya hadisələri, İranın bombalanması, Hindistan ilə Pakistan arasındakı münaqişənin silahlı toqquşma səviyyəsinə çatması, Ukrayna ilə Rusiya arasındakı müharibənin davamı neftin qiymətinə təsir göstərən amillər idi. Lakin başda ABŞ olmaqla Qərb ölkələri Rusiyaya təzyiq göstərmək üçün ilk növbədə onun “Lukoil” və “Rosneft” neft kimi iri şirkətlərinə qarşı sanksiya tətbiq etdilər. İlk baxışdan yuxarıda göstərilən amillər neftin qiymətinin yüksəlməsinə səbəb olmalı idi. Lakin “Brent” markalı neftin 1 barelinin qiyməti 2025-ci ilin son kvartalı istisna olmaqla 60 dollar ətrafında satıldı. Son kvartalda isə 58-59 dollara kimi endi. Ümumilikdə qiymətlərdə kəskin artım və azalma müşahidə edilmədi. Məsələnin mahiyyəti ondan ibarətdir ki, əvvəlcə OPEC üzv dövlətlər üçün hasilatın 400 min barelə yaxın artırılması qərarını qəbul etdi. Bunun ardınca ABŞ Prezidenti Donald Tramp Texas ştatındakı neft quyularının istismara verilməsi haqqında Konqresə müraciət göndərdi. Bunun ardınca isə Avropa 44 faiz enerji ehtiyatını ödəyən Rusiyadan qaz almaqdan imtina etdi. Qərb dövlətləri ilk növbədə bazarda tələb və təklifi balanslaşdırdıqdan sonra təzyiq addımlarını atdılar ki, qiymətlər yüksəlməsin. Avropa İttifaqının Rusiya qazından imtinası da neftin qiymətinin yüksəlməsinə səbəb olmalı idi. Çünki qaz kəsildikdə ocaqxanalar mazutdan istifadə etmək məcburiyyətində qalır. Mazut isə neftayırma zavodlarında neftin emalı zamanı əldə edilir.
Bütün bunlarla yanaşı, Rusiya qazından imtina və 2 iri neft şirkətinə qaşı tətbiq edilən sanksiyalar da birja treyderlərinə qiymətləri artırmaq imkanı vermədi. ABŞ Avropanı kifayət qədər sıxılmış qaz ilə təmin etdi.
Ümumilikdə 2025-ci ildə dünya bazarında neftin qiymətində 14 faiz enmə müşahidə edildi. Dünyanın iri investisiya qurumu olan “Goldman Sachs” bankının mütəxəssisi Daana Stryuven bildirib ki, bazarda təklifin daha böyük həcmdə artması riski qaldığı üçün 2026-cı ildə də qiymətlərdə enmə tendensiyası davam edəcək. Lakin 2027-ci ilin son rübündə qiymətlərin sabitləşməsi baş verə bilər. Onun fikrincə hazırda dünya bazarına həddən artıq çox neft çıxarılır ki, bu da təklifin tələbi üstələməsindən xəbər verir. Təklifin artıb tələbin isə azalması fonunda qiymətlər düşür.
Geosiyasi risklərdən biri də ABŞ-ın Venesuela Prezidentinə qarşı həyata keçirdiyi hərbi əməliyyatdır. Bir çox ekspertlər bildirir ki, Venesuelada hakimiyyət dəyişməsinin ardınca tətbiq olunan sanksiyalar da aradan qaldırılacaq ki, bu da rəsmi Karakasa daha çox neft ixrac etmək imkanı verəcək.
ABŞ-ın Dövlət katibi Marko Rubio Venesuelada neft hasilatına sərmayə yatırılacağını bəyan edib. Belə olan halda isə Venesuela iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün tez bir zamanda dünya bazarına neft çıxaracaq. Hazırda ölkə iqtisadiyyatı olduqca ağır vəziyyətdədir və inflyasiyanın yüksək həddi insanların sosial vəziyyətini acınacaqlı edib. Neft satışı isə ölkəyə valyuta axını deməkdir ki, bu da inflyasiyanın azalmasına, ərzaq və digər istehlak mallarının qiymətinin sabitləşməsinə təsir edəcək. Artıq ABŞ-ın neft şirkətləri də Venesuelada neft hasilatına sərmayə yatıracaqlarını bəyan ediblər. Buna görə də bu il bazara əlavə neft daxil olması gözlənilir ki, bu da ucuzlaşmanı şərtləndirən amillərdən biridir.
Dünyanın aparıcı investisiya bankları 2026-cı il üçün neftin qiymətləri barəsində müxtəlif proqnozlar verib. “Goldman Sachs” 56, “JP Morgan” 58, “Morgan Stanley” isə 1 barelin qiymətinin 60 dollar ətrafında olacağını proqnozlaşdırıblar. Beynəlxalq Enerji Agentliyi isə bildirib ki, 2026-cı ildə “Brent” markalı neftin 1 barelinin qiyməti 53 dollar olacaq. Lakin 1-ci kvartalın sonunda 56 dollara yüksələcək. Bütün proqnozlar bazarın strukturuna uyğun aparılıb və hesabatlarda “əgər geosiyasi dəyişikliklər olmasa” ifadəsi də yer alıb. Proqnozlar Venesuelada baş verən hadisədən əvvəl təhlil edilərək dərc olunub. Ona görə də neftin qiymətinin proqnozlaşdırılandan daha çox azalacağı şübhəsizdir. Geosiyasi risk amilinin 2026-cı ildə də olacağı istisna deyil.



