AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

25 Oktyabr – Qubadlı Şəhəri Günü: Zəfərimizin və Böyük Qayıdışın təntənəsi

Hər il oktyabrın 25-də Azərbaycanda Qubadlı Şəhəri Günü qeyd olunur. Bu əlamətdar tarix xalqımızın yaddaşında qəhrəmanlıq, milli birlik və tarixi ədalətin bərpası rəmzi kimi yaşayır. 2020-ci il oktyabrın 25-də Müzəffər Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Qubadlı şəhəri işğaldan azad edildi.

Qubadlının azad olunması Vətən müharibəsində əldə edilən mühüm hərbi-strateji nailiyyətlərdən biri oldu. Azərbaycan əsgər və zabitlərinin göstərdiyi igidlik, peşəkarlıq və fədakarlıq xalqımızın qələbə əzmini bir daha nümayiş etdirdi. Bu şanlı tarix torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığını ehtiramla xatırlamaq üçün də xüsusi əhəmiyyət daşıyır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qazanılan tarixi Zəfər xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm mərhələ oldu. Qubadlı şəhərinin azad edilməsi də bu böyük qələbənin ayrılmaz tərkib hissəsidir.

Bu gün Qubadlıda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, yaşayış məntəqələrinin bərpası və sosial obyektlərin yaradılması bölgənin inkişafına yeni imkanlar açır. Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarından didərgin düşmüş sakinlərin öz torpaqlarına qayıtması Qubadlının əvvəlki həyatına qovuşması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qubadlı Şəhəri Günü hər bir azərbaycanlı üçün qürur və fəxarət günüdür. Bu tarix bir daha sübut edir ki, xalqımızın birliyi, dövlətimizin gücü və ordumuzun qəhrəmanlığı ən mürəkkəb sınaqların öhdəsindən gəlməyə imkan verir. Qubadlının azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacaq.

Qubadlı azaddır, qurulur və yenidən dirçəlir. 25 Oktyabr – Qubadlı Şəhəri Günü xalqımızın Zəfər tarixinin parlaq səhifələrindən biri kimi daim qeyd olunacaq.

Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button