AnalitikaGündəmOrdu

26 İyun – Silahlı Qüvvələr Günü təkcə hərbi bayram deyil, həm də milli qürur günüdür

Hər il 26 iyun tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının növbəti ildönümü qeyd olunur. Bu mühüm gün, dövlətimizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında əvəzsiz rol oynayan ordumuzun gücünün, peşəkarlığının və xalqımızın orduya olan dərin ehtiramının bariz ifadəsidir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il iyunun 26-da ilk milli ordu hissələri yaradılmışdır. Bu tarixi hadisə Azərbaycan xalqının müstəqil orduya sahib olmaq iradəsinin təcəssümü idi. Lakin 1920-ci ildə sovet işğalı ilə bu proses dayandırıldı. Yalnız 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə milli ordunun yenidən formalaşdırılmasına start verildi. Müstəqilliyimizin ilk illərində dövlətçiliyimiz ciddi təhdid altına düşmüş, ordu dağınıq və nizamsız vəziyyətdə olmuşdur. Məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərqərar olmasına və ordu quruculuğunun əsaslı şəkildə aparılmasına səbəb oldu. Heydər Əliyev ordu quruculuğunu milli təhlükəsizlik strategiyasının əsas dayağı kimi qiymətləndirmiş və bu istiqamətdə məqsədyönlü islahatlara start vermişdir. Onun təşəbbüsü ilə Silahlı Qüvvələrin peşəkar zabit heyəti formalaşdırılmış, hərbi təhsil sisteminin müasir standartlara uyğunlaşdırılması təmin olunmuş, ordunun maddi-texniki bazası möhkəmləndirilmişdir. 1998-ci ildə 26 iyun tarixi rəsmi olaraq Silahlı Qüvvələr Günü elan olunaraq dövlət bayramı kimi qeyd edilməyə başlandı – bu, Heydər Əliyevin Azərbaycan ordusuna verdiyi yüksək dəyərin nümunəsidir. İlham Əliyev dövründə qüdrətli Azərbaycan Ordusu Bu gün Azərbaycan Ordusu təkcə bölgədə deyil, dünyada da güclü və müasir ordular sırasında yer alır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı hərbi islahatlar, orduya ayrılan böyük maliyyə vəsaiti, yeni texnologiyaların və müasir silahların alınması nəticəsində Silahlı Qüvvələrimiz tam fərqli keyfiyyət mərhələsinə keçmişdir. Ən önəmlisi isə – 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etmişdir. Bu zəfər bir daha sübut etdi ki, Azərbaycan Ordusu həm mənəvi, həm də hərbi cəhətdən regionun ən güclü ordusudur. 26 İyun – Silahlı Qüvvələr Günü təkcə hərbi bayram deyil, həm də milli qürur günüdür. Bu gün biz Silahlı Qüvvələrimizin gücünü, dövlətimizin əzmini və xalq-ordu birliyinin sarsılmazlığını qeyd edirik. Heydər Əliyevin əsasını qoyduğu, İlham Əliyevin zirvəyə çatdırdığı milli ordu quruculuğu strategiyası Azərbaycanın gələcəyinin, suverenliyinin və sülhünün qarantıdır.

Qürurla deyə bilərik: Güclü ordu – güclü Azərbaycan!

İslam Bafadarov
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

 

Oxşar Xəbərlər

Back to top button