AnalitikaGündəmSiyasət

28 May Respublika Günü-milli irsi, azadlıq ruhunu və dövlətçilik əzmini tərənnüm edən şanlı gündür

Tarixin unudulmaz səhifələri vardır ki, xalqın taleyində dönüş nöqtəsi kimi yadda qalır. 28 may 1918-ci il Azərbaycan xalqının tarixində məhz belə bir gündür azadlıq, milli iradə və dövlətçilik ənənələrinin təntənəsidir. Həmin gün Azərbaycanın müstəqilliyi rəsmən elan olundu və Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli demokratik respublika quruldu.

Azərbaycan respublikası milli dirçəlişin və istiqlal düşüncəsinin təcəssümü idi. Cümhuriyyətin yaradılması xalqımızın yüzillərlə çəkdiyi istiqlal arzularının, milli özünüdərkin və milli mübarizənin nəticəsi idi. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Cümhuriyyəti dərin iz buraxdığı dövlət atributları, ordu, diplomatik əlaqələr, milli valyuta, maarif və ədalət sistemi quruldu, Azərbaycan dili rəsmi dövlət dili elan edildi.

Ulu Öndərin “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır!” fikri bu gün hər bir azərbaycanlının inamla səsləndirdiyi çağırışa çevrilib. Onun rəhbərliyi ilə qəbul olunan 1995-ci il Konstitusiyası, neft strategiyası, ordu quruculuğu, təhsil və iqtisadiyyat sahəsində islahatlar – hamısı müstəqil və güclü Azərbaycanın təməlini qoydu.

Cümhuriyyətin ən mütərəqqi addımlarından biri qadınlara seçki hüququnun verilməsi idi. Bu, təkcə Azərbaycan üçün deyil, bütün Şərq dünyası üçün böyük inqilabi addım idi. Demokratik parlament formalaşdırıldı, müxtəlif siyasi qüvvələr bir arada işləyərək vətənin inkişafı üçün birgə çalışdılar.

Lakin 1920-ci ilin aprelində sovet işğalı nəticəsində bu istiqlalımıza son qoyuldu. Hərçənd ki, dövlət müstəqilliyini itirmişdi, xalqın yaddaşından azadlıq ideyası silinmədi. On illərlə içimizdə yaşayan bu azadlıq ruhu 1991-ci ildə – Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsi ilə yenidən gerçəkləşdi.

Bu gün, 28 May – Respublika Günündə biz təkcə Cümhuriyyət qurucularını deyil, həm də Azərbaycanın müstəqilliyini qoruyub yaşadan, onu dünya arenasında tanıdan və əbədi edən Ulu Öndər Heydər Əliyevi böyük hörmət və minnətlə anırıq.

28 May – sadəcə bir tarix deyil. Bu, milli kimliyimizin, milli şüurumuzun və azadlıq uğrunda apardığımız mübarizənin simvoludur. Bu gün biz Cümhuriyyətin ideyalarını yaşadır, onları gələcək nəsillərə ötürürük. Müasir, qüdrətli və müstəqil Azərbaycan dövləti həmin şanlı yolun davamçısıdır.

Bu gün, 28 mayda, bir daha qürur hissi ilə deyirik: Yaşasın müstəqil Azərbaycan Respublikası!

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button