AnalitikaGündəmSiyasət

28 May təkcə tarixi hadisə deyil, dövlətçilik ruhunun, milli birliyin və vətən sevgisinin bayramıdır

1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xalqımızın müstəqil dövlət qurmaq iradəsinin və siyasi yetkinliyinin parlaq nümunəsi idi. 28 May şərəfli tariximizdə yalnız dövlətimizin qurulduğu gün deyil, eyni zamanda milli azadlıq arzularının reallaşdığı, xalqımızın dünya siyasi səhnəsinə müstəqil siyasi subyekt kimi çıxdığı gündür.

XX əsrin əvvəlləri, xüsusilə I Dünya müharibəsindən sonra, imperiyaların süqutu və milli azadlıq hərəkatlarının yüksəlişi dövrü başladı. Belə mürəkkəb geosiyasi şəraitdə Qafqazda da yeni siyasi xəritə formalaşırdı. 1918-ci ilin mayında Tiflisdə Müsəlman fraksiyasının təşəbbüsü ilə Azərbaycan Milli Şurası yaradıldı və Azərbaycanın müstəqilliyi elan olundu. Bununla da Azərbaycan Xalq Cümhuriyyəti – Şərqdə və İslam dünyasında ilk parlamentli, demokratik respublika kimi tarixə qovuşdu. Cəmi 23 ay mövcud olan dövlətimizin ömrü qısa olsa da, onun gördüyü işlər, qoyduğu hüquqi-siyasi təməllər bu gün də müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını təşkil edir. Parlamentin yaradılması, dövlət dilinin elan edilməsi, ordu və təhsil sisteminin qurulması, qadınlara seçki hüququnun verilməsi kimi tədbirlər AXC-nin təkcə siyasi yox, həm də cəmiyyətin modernləşməsinə yönəlmiş mütərəqqi sistem olduğunun təsdiqidir.

Azərbaycan Respublikası 1991-ci ildə qəbul etdiyi “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu təsdiqlədi. Bu, yalnız hüquqi sənəd yox, həm də bir ideoloji və mənəvi bağ idi. 2007-ci ildə İstiqlal Bəyannaməsi abidəsinin Bakıda ucaldılması Prezident İlham Əliyevin bu dəyərlərə sadiqliyinin bariz nümunəsidir. Bu abidə, eyni zamanda, xalqımızın keçmişə olan ehtiramının və gələcəyə olan inamının rəmzidir.

Bugünkü Azərbaycanın əldə etdiyi siyasi və iqtisadi uğurlar da birbaşa olaraq milli istiqlal iradəsinin, strateji baxışın və müstəqil qərarvermə qabiliyyətinin nəticəsidir. Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş, regional lider və qlobal təşəbbüslərlə çıxış edən dövlət kimi tanınması bu siyasətin bəhrəsidir. Xüsusilə, 2020-ci ildə tarixi Zəfərlə başa çatan Vətən müharibəsi xalqın milli birliyini, siyasi iradənin qətiyyətini və istiqlal ideallarına bağlılığını bir daha nümayiş etdirdi.

Azərbaycanın müstəqil dövlət olaraq atdığı hər bir addım – iqtisadi islahatlardan tutmuş enerji və nəqliyyat layihələrinə, diaspor fəaliyyətindən tutmuş beynəlxalq təşəbbüslərə qədər – AXC-nin ruhunun yaşadığını sübut edir. Bu ruh müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanır və hər yeni nəsil üçün bir yol xəritəsi rolunu oynayır. Azərbaycan Xalq Cümhuriyyətinin təməlini qoyduğu ideyalar – xalq hakimiyyəti, hüquqi dövlət, demokratik idarəçilik prinsipləri – müasir Azərbaycanın reallıqlarıdır. 28 May təkcə tarixi hadisə deyil, dövlətçilik ruhunun, milli birliyin və vətən sevgisinin bayramıdır. Azərbaycan xalqı öz tarixinin bu parlaq səhifəsini unutmur və daim bu dəyərlərin keşiyində dayanacaq.

Bədiyyə Sadıqova
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button