AnalitikaGündəmSiyasət

3 oktyabr 1993: Dövlətçilik iradəsinin siyasi təcəssümü

1993-cü il 3 oktyabr Azərbaycan tarixində dövlətçilik baxımından dönüş xarakteri daşıyan mühüm siyasi hadisədir. Həmin gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb siyasi proseslərdən yeni idarəçilik mərhələsinə keçidini şərtləndirən əsas hadisələrdən biri oldu. Müstəqilliyin ilk illərində dövlət quruculuğu prosesi ciddi siyasi, sosial və təhlükəsizlik problemləri ilə müşayiət edilirdi. Belə bir şəraitdə cəmiyyətin qarşısında dayanan əsas məsələ yalnız hakimiyyətin dəyişməsi deyil, dövlətçiliyin qorunması və idarəetmə sisteminin yenidən təşkil edilməsi idi.

Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin fərqləndirici xüsusiyyətlərindən biri dövlətçilik anlayışına sistemli yanaşması idi. O, dövlətin mövcudluğunu yalnız formal müstəqilliklə əlaqələndirmir, siyasi sabitlik, qanunçuluq, milli birlik, iqtisadi potensial və güclü idarəçilik kimi amilləri vahid dövlətçilik sisteminin tərkib hissələri kimi nəzərdən keçirirdi. Buna görə də 1993-cü ilin siyasi gündəliyində təhlükəsizliyin və ictimai asayişin təmin olunması xüsusi yer tuturdu. Dövlətin idarəolunmaz vəziyyətə düşməsi müstəqilliyin özünə də təhlükə yarada bilərdi.

3 oktyabr seçkisinin mühüm xüsusiyyəti ondan ibarət idi ki, Ulu Öndər Heydər Əliyevin həmin ilin iyunundan etibarən həyata keçirdiyi siyasi fəaliyyət seçki yolu ilə xalqın iradəsi əsasında yeni legitimlik qazandı. Beləliklə, dövlət idarəçiliyində yaranmış böhranlı vəziyyətin aradan qaldırılması istiqamətində siyasi proses institusional müstəviyə keçirildi. Bu, siyasi hakimiyyətin məsuliyyətinin və dövlət qarşısında öhdəliklərinin daha aydın şəkildə müəyyənləşməsi üçün mühüm şərt idi.

Sonrakı mərhələdə dövlətçilik iradəsinin hüquqi dayaqlarının yaradılması istiqamətində mühüm addımlar atıldı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi müstəqil dövlətin siyasi-hüquqi sisteminin əsaslarını müəyyənləşdirdi. Dövlət hakimiyyətinin təşkilindən insan hüquq və azadlıqlarına qədər çoxsaylı məsələlərin konstitusion əsasda təsbit edilməsi 1993-cü ildən başlayan dövlət quruculuğu prosesinin institusional xarakter aldığını göstərirdi.

Bu baxımdan 3 oktyabr 1993-cü il tarixinin siyasi mahiyyəti yalnız prezident seçkisinin nəticəsi ilə məhdudlaşmır. Bu tarix Azərbaycan dövlətçiliyinin böhran şəraitindən sistemli idarəçilik mərhələsinə keçidinin mühüm siyasi başlanğıclarından biri kimi qiymətləndirilə bilər. Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi dövlətçilik iradəsinin siyasi hakimiyyət səviyyəsində təcəssümünə çevrildi və sonrakı illərin institusional quruculuğu üçün mühüm zəmin yaratdı.

Zərifə Məmmədova, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button