Analitika

31 Mart soyqırımı – Tarixin qanlı səhifəsi

Tarixdə uzunmüddətli, hətta yüzillik müharibələr olmuşdur. Azərbaycan xalqının tarixində 1918-ci il zaman kəsimi yüzillik erməni təcavüzünün ən dəhşətli mərhələsi, 31 Mart soyqırımı ən qanlı səhifələrindən biridir. Bakının Qoşa qala qapıları və İsmailiyyə binası ətrafında qanlı döyüşlərdən sonra Bakı kəndlərinə hücumlar edildi, azərbaycanlılar kütləvi şəkildə öldürüldü. 10.626 nəfər qırğına məruz qaldı, 2560 qadın, 1266 uşaq qətlə yetirildi.

1918-ci il təcavüzü təkcə şimalda deyil, Cənubi Azərbaycanın Urmiya, Səlmas, Xoy şəhərlərində, Qars vilayətində  də törədildi. Yazıçı Y.V.Çəmənzəminli “rus köçəriləri” adlandırdığı  emənilərin yollarını azmasından  narahatlığını gizlətmir, onların xarici siyasətdə  öncəgörümlüklərindən narahat  olurdu. Ədib yazırdı: “Böyük Ermənistan xəritəsini gördüm, üç dəniz əsasında  təşəkkül edəcək imiş: Ağ, Qara və Xəzər dənizləri arasında. Xəritədə Gəncə, Lənkəran, Salyan, Təbriz, Marağa və b. şəhərlər də  Ermənistana daxil edilmişdi. Əgər bu xəritə erməni milli amilinin şəkli isə, onda “erməni məsələsi” yenə bir çox münaqişə və mücadiləyə  səbəb olacaq və həlli yenə kağız üzərində qalacaqdır”.

Y.V.Çəmənzəminli sanki baş verənlərin erməni təcavüzünün, erməninin pərdələnmiş siyasətinin  açıq-aşkar hələ neçə illər davam edəcəyini  bilir, millətin ziyalılarını qəflət yuxusundan ayılmağa çağırırdı. Dövrün ədibləri erməni təcavüzündə “əl olduğunu”, azərbaycanlıların qanını axıtmaqda onlardan bir oyuncaq, bir alət kimi istifadə edildiyini  vurğulayır, qonşuluqda dinc yaşamağa, fitnə-fəsaddan uzaq olmağa çağırmışlar. Bu tərəqqipərvər qüvvələr  konfliktin mahiyyətini gözəl bildiklərindən olanları unutmağa çalışmış, gələcəyi düşünmüşlər. Lakin bu sənətkarlar erməni fitnəsinin tarixi köklərini də aydın görmüş, şahidi olduqları olayları bədii ədəbiyyata köçürmüşlər. Prof. Buludxan Xəlilovun “Azərbaycan ədəbiyyatında erməni xisləti” əsərində Azərbaycan sənətkarları M.F.Axundzadə, C.Cabbarlı, C.Məmmədquluzadə, N.Nərimanov, Ü.Hacibəyov, Y.V.Çəmənzəminlinin yaradıcılığı əsasında erməni xarakteri – qorxaqlıq, ikiüzlülük, şər-böhtan, fitnə-fəsad, türkləri qurban seçmək, milli ruhdan, milli kökdən uzaqlaşma və s. məsələlər obrazların  dili ilə təhlil olunur. Dilçi-alim ədəbiyyatda yaradılan  erməni obrazları vasitəsilə bu xalqın kişili-qadınlı hər bir nümayəndəsinin öz mənfəətini güdməsi, gor qonşuları azərbaycanlılara  xəyanət etmələri, iblis sifətləri, min cür oyundan çıxmalarının elmi-məntiqi şərhini verir, erməni psixologiyasını analiz edir.

31 Mart soyqırımı erməni vandalizminin iç üzü ilə yanaşı, Azərbaycan xalqının azadlıq mübarizəsi, kökünə, soyuna, torpağına bağlılığı və təəssübkeşliyi, bu mübarizənin bir gün zəfərlə bitəcəyinə əminlik hisslərini nümayiş etdirdi. Bu gün 30 ildən çox işğal altında olan torpaqlarımıza, məzarlıqlara, tarixi abidələrimizə qovuşmuşuq. 31 Martda Bakıda,  Gəncədə, Bərdədə, Tərtərdə  vaxtsız və günahsız yerə erməni barbarlığının qurbanı olan körpələrin,  qadınların, qocaların intiqamı alındı. 30 ildə erməni vəhşiliyinin qurbanına çevrilmiş əsir qız-gəlinin, igid oğulların, ağbirşək anaların, ağsaqqal ataların tapdalanmış heysiyyətinin, namusunun, qürurunun qisası alındı. Şəhid məzarlarının, yarımçıq  ayaqların,  tək qolların,  başsız  bədənlərin narahat ruhları and yeri oldu. Soyqırımın işgəncə, rəzalət,  dəhşət səhnələri erməni vandalizmi üzərində qəhrəmanlıq səhnələri, qələbə ilə başa çatdı.   Azərbaycan əsgərinin qəhrəmanlığı və Ali Baş Komandanın müdrik siyasəti  ilə doğma torpaqlarımızın işğaldan azad olundu.

Nazilə Abdullazadə,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti

 

Oxşar Xəbərlər

Back to top button