
8 Mart – Beynəlxalq Qadınlar Günü qadınların cəmiyyətin bütün sahələrində göstərdikləri fədakarlığın, zəhmətin və nailiyyətlərin qiymətləndirildiyi əlamətdar bir gündür. Bu tarix təkcə bayram sevinci deyil, həm də qadın hüquqlarının müdafiəsi və bərabər imkanların təmin olunması ideyasını özündə birləşdirir.
Tarixən qadınlar ailənin təməli, cəmiyyətin isə mənəvi dayağı olmuşlar. Onlar həm ana kimi övlad yetişdirir, həm də müəllim, həkim, alim, mühəndis, dövlət qulluqçusu kimi ölkənin inkişafında fəal rol oynayırlar. Müasir dövrdə qadınların təhsildə, elmdə və idarəçilikdə artan rolu cəmiyyətin tərəqqisinin əsas göstəricilərindən biridir. Azərbaycan qadını isə öz mərdliyi, zəhmətkeşliyi və vətənpərvərliyi ilə seçilir. Tariximizin müxtəlif mərhələlərində qadınlarımız həm ictimai-siyasi həyatda, həm də mədəniyyət və elm sahəsində böyük uğurlar qazanmışlar. Bu gün də onlar dövlətimizin və cəmiyyətimizin inkişafında mühüm mövqe tutur.
Ulu Öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişməsinə və özünü subut etməsinə şərait yaratdı.
Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Bu gün Azərbaycan qadını Dövlət idarəçiliyi, biznes, elm və texnologiya sahələrində uğurla təmsil olunan müasir qadın, həm də cəmiyyətə dəyərli vətəndaşlar yetişdirən intellektual güc kimi çıxış edir.
8 Mart bizə bir daha xatırladır ki, qadına hörmət yalnız bir günlə məhdudlaşmamalıdır. Qadınların hüquqlarının qorunması, onların potensialının reallaşdırılması və bərabər imkanların yaradılması hər zaman diqqət mərkəzində olmalıdır. Bu əlamətdar gün münasibətilə bütün qadınlara sağlamlıq, xoşbəxtlik və yeni nailiyyətlər arzulayıram.
Nəsirova Bahar Əvəz qızı,
Neft Kəmərləri İdarəsinin əməkdaşı
YAP Nizami rayon fəalı



