AnalitikaGündəmSosial

Akademik Zərifə Əliyevanın əbədiyaşar irsi

Azərbaycanın tibb elminə və oftalmologiya sahəsinə misilsiz töhfələr vermiş görkəmli alim, mərhəmətli həkim, xeyirxah insan, akademik Zərifə Əziz qızı Əliyevanın əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayır. O, yalnız peşəkar oftalmoloq və elmi xadim deyil, həm də yüksək mənəvi dəyərlərə sahib olan bir Azərbaycan qadını kimi yaddaşlara əbədi həkk olunmuşdur.

Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdır. 1942-ci ildə orta məktəbi əla qiymətlərlə başa vuraraq Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1947-ci ildə institutu fərqlənmə ilə bitirmişdir. Tələbəlik illərindən başlayaraq tibb elminə və insan sağlamlığına olan marağı və məsuliyyət hissi onun bütün fəaliyyətində öz əksini tapmışdır.

Zərifə xanım Əliyeva 1949-cu ildən etibarən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamış və 1950-ci ildə aspiranturaya daxil olmuşdur. O, uzun illər ərzində traxoma və qlaukoma kimi ağır göz xəstəliklərinin müalicəsi, profilaktikası və onların aradan qaldırılması üçün müstəsna əhəmiyyətə malik tədqiqatlar aparmışdır. Traxomanın müalicəsində təklif etdiyi sintomisinlə müalicə metodu respublikamızda geniş tətbiq olunmuş və bu xəstəliyin aradan qaldırılmasında mühüm rol oynamışdır.

O, yalnız elmi fəaliyyəti ilə deyil, həm də sosial məsuliyyəti ilə seçilmişdir. Kimsəsiz uşaqların sağlamlığına göstərdiyi diqqət, ölkənin müxtəlif bölgələrində aparılan maarifləndirici və müalicəvi tədbirlər onun əsl həkim kimi missiyasını dərin humanizm prinsipləri ilə yerinə yetirdiyini sübut edir.

Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. O, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, bir çox dərslik və dərs vəsaitlərinin müəllifi olmuşdur. Onun müəllifi olduğu “Terapevtik oftalmologiya” kitabı bu gün də oftalmoloqlar üçün stolüstü vəsait kimi istifadə olunur.

Zərifə xanım Əliyeva yüksək peşəkarlığına görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatı ilə təltif olunmuş ilk azərbaycanlı qadın oftalmoloq alimdir. Onun bu sahədəki xidmətləri Azərbaycan səhiyyəsinin və elminin inkişafında silinməz izlər buraxmışdır.

Ulu öndər Heydər Əliyev Zərifə xanım haqqında deyirdi: “Tanrı tərəfindən seçilmiş elə şəxslər var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu.”

Cənab prezident İlham Əliyev isə anası Zərifə xanımı böyük alim, qayğıkeş ana, müdrik insan və əsl Azərbaycan qadını kimi xatırlayaraq onun ömür yolunun gənclərə nümunə olduğunu dəfələrlə vurğulamışdır.

Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişmiş və 1994-cü ildə cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü ildə akademikin 100 illik yubileyi ölkə miqyasında qeyd olunmuş, onun elmi irsi və xatirəsi bir daha dərin ehtiramla yad edilmişdir.

Zərifə xanım Əliyeva – əsl ziyalı, böyük alim, Azərbaycan qadınının müdriklik, fədakarlıq, mərhəmət simvolu olaraq gələcək nəsillərə örnəkdir.

Məsumə Hüseynova,
Maştağa qəsəbəsi 187 saylı tam orta məktəbin riyaziyyat müəllimi

Oxşar Xəbərlər

Back to top button