AnalitikaGündəm

Asiya və Avropa qitələri arasında körpü rolunu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarıdır

Strateji baxımdan mühüm geosiyasi məkanda – Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya xətlərinin kəsişməsində yerləşməsi Azərbaycanı əsrlər boyu transmilli dünya güclərinin xüsusi maraq dairəsində saxlamışdır. Əlverişli coğrafi mövqeyi Azərbaycana malik olduğu zəngin karbohidrogen ehtiyatları qədər yeni dividendlər qazanmaq şansı yaratmışdır. Həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev mövcud reallığı müstəqil Azərbaycan dövləti üçün əsas şanslardan biri kimi düzgün dəyərləndirərək ondan həm yeni neft strategiyasının, həm də transmilli nəqliyyat-kommunikasiya siyasətinin həyata keçirilməsində başlıca amil kimi məharətlə istifadə etmişlər. Hazırda Azərbaycanın dünya dövlətləri, güc mərkəzləri ilə münasibətlərinin təməlində məhz üstün geosiyasi, geoiqtisadi və coğrafi reallıqlar dayanır ki, bu da müvafiq olaraq ölkənin strateji maraqlarının yüksək səviyyədə təmin olunmasında aparıcı rol oynayır. Şərq-Qərb və Şimal-Cənub kimi beynəlxalq səviyyəli marşrutlar respublikamızın ərazisindən keçir. Bu, Orta Dəhlizdə Azərbaycanın önəmini artıran amillərdən biridir. Orta Dəhliz marşrutu ilə respublikamıza gələn yüklər buradan həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinə inteqrasiya edilmiş yollarla daşına bilər. Dünya miqyasında Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir. Respublikamız Trans-Xəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir. Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması kimi amillər transmilli şirkətlərin ölkəmizə marağını daha da artırıb. Asiya və Avropa qitələri arasında körpü rolunu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarıdır.

Əyyub Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button