Avropa İttifaqı gələn həftə Kiyevə 1,5 milyard avro yardım ayıracaq
Avropa İttifaqı gələn həftə Ukraynaya 1,5 milyard avroluq ikinci makromaliyyə yardımı tranşı ayırmağı planlaşdırır.
İnfososium.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədr müavini Valdis Dombrovskis özünün tviter hesabında yazıb.
2022-ci ilin dekabrında Avropa İttifaqı Şurası Ukraynaya 2023-cü il üçün 18 milyard avro həcmində makromaliyyə yardımı ayırmaq barədə qərar qəbul edib. Həmin vəsait 10 illik imtiyazla veriləcək. Kiyev bu ilin yanvarında 3 milyard avroluq ilk tranşı alıb. Növbəti ödənişlər martdan başlayaraq ayda 1,5 milyard avro olmaqla hissə-hissə ödəniləcək.
Ukrayna bu vəsaitlərin köməyilə əməkhaqlarını, pensiyaları ödəyəcək, əsas ictimai müəssisələrin, o cümlədən xəstəxana və məktəblərin fəaliyyətini dəstəkləyəcək. Bundan başqa, Avropa İttifaqının yardımı müharibədən zərər görən infrastrukturu bərpa etməyə və makroiqtisadi sabitliyi qorumağa imkan verəcək.