AnalitikaGündəmSiyasət

Azərbaycan-Almaniya münasibətləri uğurla inkişaf edir

Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyevin bəyanatı: “Hörmətli cənab Prezident. Hörmətli qonaqlar, xanımlar və cənablar. İlk növbədə, cənab Prezident, Sizi bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Mən şadam ki, bizim aramızda siyasi dialoq müntəzəm olaraq aparılır. Keçən ilin aprel ayında mən Berlində səfərdə olarkən Sizinlə görüşmüşdüm və şadam ki, mənim dəvətimi qəbul edib Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bildiyiniz kimi, keçən il Azərbaycan COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etmişdir. Bu istiqamət üzrə də bizim Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə – Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu gün bu məsələ də müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır. Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir.  Bir daha demək istəyirəm, əminəm ki, bu səfərin çox müsbət nəticələri olacaqdır. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir. Bir daha xoş gəlmisiniz”.

Sonra Almaniya Prezidenti bəyanatla çıxış edib. Prezident Frank-Valter Ştaynmayerin bəyanatı: “Hörmətli həmkarım cənab Prezident, bu səmimi dəvətə görə dərin təşəkkürümü bildirir və göstərilmiş qonaqpərvərliyə görə bütün alman nümayəndə heyətinin adından təşəkkür edirəm. Çox ürəyimizcə oldu. Siz qeyd etdiniz ki, Azərbaycanda birinci dəfə deyiləm, bu vəzifədə ilk dəfədir gəlirəm. Prezident kimi birinci dəfə gəlirəm. Əvvəllər Azərbaycanda dəfələrlə olmuşam. Cənab Prezident, biz ölkələrimiz arasındakı münasibətlərin tarixi haqqında danışmışıq. Əvvəla, şvabiyalı kəndlilərin burada – Azərbaycanda məskunlaşmasını, şərabçılıq ənənələrini yaratmasını xatırlaya bilərik. Onlar kənd təsərrüfatının inkişafında iştirak ediblər. Əlbəttə, sənayeləşmədə də onların xeyli iştirakı olub. Alman təşkilatları, böyük şirkətlər sənayenin inkişafında, mis çıxarılmasında, elektrik enerjisi şəbəkəsinin qurulmasında iştirak ediblər. Bir çox almanlar Azərbaycanda yaşayıblar. Bunu ona görə xatırladıram ki, bu münasibətlərimizin uzun keçmişini, Almaniya ilə Azərbaycan arasında bu münasibətlərin çoxdan olduğunu bilmək vacibdir. Çox məmnunam ki, Azərbaycanda alman dilinə və Almaniyada təhsilə böyük maraq var. Azərbaycan gəncləri Almaniyada təhsil almağa böyük maraq göstərirlər və hesab edirəm ki, biz məhz elmi əməkdaşlıq sahəsində əlaqələrimizi genişləndirməliyik. Bizim üçün strateji mövzularda da müzakirə apardıq. Eyni zamanda, iqtisadi əməkdaşlıq perspektivlərimizi müzakirə etdik. Siz artıq bir neçə meyarı qeyd etdiniz. Bununla belə, 2022-ci ildə Azərbaycan Almaniyada böyük rol oynayıb. Rusiyadan aldığımız qaz təchizatında dayanma baş verdiyi zaman Azərbaycan üzərinə böyük məsuliyyət götürdü və mən buna görə Sizə çox təşəkkür edirəm.

Mirsadıq Səməndərli,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button