AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni strateji mərhələ

Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da artırıb. Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə keçirdiyi görüş və səsləndirdiyi bəyanatlar bir daha göstərdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub.

Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Qarşılıqlı etimada əsaslanan əməkdaşlıq enerji, ticarət, nəqliyyat, yaşıl enerji və regional təhlükəsizlik kimi mühüm istiqamətləri əhatə edir. Xüsusilə enerji sahəsində əldə olunan uğurlar Azərbaycanın etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirib.

Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən strateji layihələrdən biridir. Azərbaycanın təbii qazının Avropa bazarına fasiləsiz çatdırılması ölkəmizin beynəlxalq etimad qazandığını göstərir. Bununla yanaşı, bərpaolunan enerji layihələrinin genişləndirilməsi də gələcək əməkdaşlıq üçün böyük perspektivlər yaradır.

Azərbaycan yalnız enerji sahəsində deyil, həm də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin ölkəmizdən keçməsi Azərbaycanın geostrateji əhəmiyyətini artırır və iqtisadi inkişafı sürətləndirir.

Bütün bunlar Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında qurulan münasibətlər həm Azərbaycanın, həm də Avropa İttifaqının maraqlarına xidmət edir.

Günel Kərimova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button