AnalitikaGündəmSiyasət

Azərbaycan bu gün sosial ədalət, təvazökarlıq və şəffaf idarəetmə prinsipləri ilə idarə olunur

12 noyabr 2025-ci ildə Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunmuş başçıları qəbul edib. Dövlət başçısının bu qəbul zamanı səsləndirdiyi fikirlər həm yeni təyinatlar üçün istiqamətverici sənəd, həm də dövlət idarəçiliyində formalaşan yeni mərhələnin ideoloji əsaslarını ortaya qoyub. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Onun fikrincə, vəzifə yalnız status deyil, xalqa xidmət borcudur. Prezidentin bu çağırışı son illərdə dövlət idarəçiliyində formalaşan yeni mədəniyyətin davamı kimi dəyərləndirilir – vətəndaşa yaxınlıq, səmimiyyət və məsuliyyət hər bir rəhbərin fəaliyyətinin əsas ölçüsünə çevrilməlidir. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın bölgələrində əsas infrastruktur layihələri demək olar ki, yekunlaşıb. Artıq bütün magistral yollar müasir standartlara cavab verir, şəhər və kəndlərarası əlaqə xeyli yaxşılaşıb. Dövlət başçısının sözlərinə görə, bütün şəhərlərdə içməli su layihələrinin icrası davam etdirilir və bu sahədə görülən işlər əhalinin sosial rifahına birbaşa təsir göstərir. Bu nailiyyətlər Prezidentin illər öncə səsləndirdiyi “Qara şəhəri Ağ şəhərə çevirdik” fikrinin gerçəkliyə çevrildiyini təsdiqləyir. Artıq bir çox bölgələrdə köhnə, baxımsız ərazilər müasir, abad yaşayış məkanlarına çevrilib. Prezidentin çıxışında sosial ədalət məsələsi xüsusi vurğulanıb. Dövlət başçısı qeyd edib ki, həyata keçirilən bütün layihələrdə, bölgələrə yönəldilən investisiyalarda və sosial proqramlarda əsas prinsip sosial ədalətin təmin edilməsidir. Əhalinin bütün təbəqələrinin bərabər imkanlara malik olması dövlət siyasətinin mərkəzində dayanır. Prezident İlham Əliyev həmçinin bildirib ki, son illərdə məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Bu islahatlar idarəetmədə yeni düşüncə tərzi formalaşdırıb, məsuliyyət və şəffaflıq prinsiplərini gücləndirib. Yeni təyinatlar da məhz bu islahatların davamı kimi qiymətləndirilir. Dövlət başçısı çıxışında vurğulayıb ki, bölgələrdə məşğulluq məsələsi prioritet istiqamətlərdən biridir. Yeni müəssisələrin, aqroparkların və sənaye sahələrinin yaradılması həm əhalinin gəlirlərini artırır, həm də regionlarda iqtisadi fəallığı gücləndirir. Prezident qeyd edib ki, hər bir layihə və proqram insanlara iş imkanı yaratmalı, sosial rifahı təmin etməlidir. Prezident İlham Əliyev ekoloji məsələlərə də toxunaraq bildirib ki, bölgələrdə ekoloji tarazlıq qorunmalı, ətraf mühitə xüsusi diqqət yetirilməlidir. İnkişaf və abadlıq təbiətin hesabına deyil, onunla uzlaşma şəraitində həyata keçirilməlidir. Bu, həm gələcək nəsillərin sağlam mühitdə yaşaması, həm də ölkənin dayanıqlı inkişafı baxımından mühüm məsələdir. Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər dövlət idarəçiliyində yeni bir mərhələnin ideoloji əsaslarını müəyyənləşdirir. Təvazökarlıq, ədalət, şəffaflıq və məsuliyyət prinsipləri üzərində qurulan bu yanaşma Azərbaycanın davamlı inkişaf modelinin əsas dayaqlarını formalaşdırır. Prezidentin “Qara şəhəri Ağ şəhərə çevirdik” ifadəsi bu gün təkcə paytaxtın deyil, bütün ölkənin simasının dəyişməsini, köhnədən yeniyə, gerilikdən tərəqqiyə keçidi simvolizə edir. Bu dəyişikliklər bir daha sübut edir ki, həyata keçirilən siyasət və ardıcıl islahatlar Azərbaycanın parlaq gələcəyinə xidmət edir.

Orxan Abdullazadə, ​
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button