
Dünya siyasi arenasında tarixi dönüşlərin yaşandığı bir dövrdə Azərbaycan və Çin arasında qurulan münasibətlər özünəməxsus yer tutur. Prezident İlham Əliyevin 2025-ci il aprelin 25-də Çinin CGTN telekanalına verdiyi müsahibə, iki ölkə arasındakı tərəfdaşlığın yalnız cari vəziyyətini deyil, gələcək konturlarını da aydın şəkildə ortaya qoydu. Bu müsahibə bir daha göstərdi ki, Azərbaycan və Çin arasındakı münasibətlər artıq sadəcə diplomatik əlaqələri deyil, daha dərindən kök salmış qarşılıqlı hörməti, ortaq maraqları və strateji baxışı ifadə edir. Prezident İlham Əliyevin sözlərinə görə, ötən ilin iyulunda Sədr Si Cinpinlə keçirilən görüş münasibətlər tarixində yeni bir səhifə açdı. Bu görüş iki ölkə arasındakı əməkdaşlığın səviyyəsini sadəcə yüksəltmədi, həm də onu gələcək onilliklərə hesablanmış bir strateji tərəfdaşlığa çevirdi. Azərbaycan və Çin arasında milli maraqlara bağlı məsələlərdə nümayiş olunan həmrəylik və dostluq bu münasibətlərin dayanıqlılığının əsas sütunlarındandır. Xüsusilə bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qətiyyətli dəstək, dünyada dəyişən geosiyasi şərtlər fonunda tərəflərin etibarlı müttəfiq kimi çıxış etdiyini göstərir. Bu münasibətlər sadəcə iki ölkənin deyil, bütövlükdə Avrasiya məkanının sabitliyi üçün mühüm bir təminat rolunu oynayır. Azərbaycanın Çinin irəli sürdüyü qlobal təşəbbüslərə – inkişaf, təhlükəsizlik və mədəniyyətlərarası dialoq sahələrində – fəal dəstək verməsi, ölkəmizin çoxqütblü dünya düzəninə verdiyi töhfəni də aydın şəkildə göstərir. Bu yanaşma Azərbaycanın müasir beynəlxalq siyasətdə öz yerini möhkəmləndirmək istədiyini, qlobal miqyasda da əməkdaşlıqla irəliləməyə üstünlük verdiyini təsdiqləyir. İlham Əliyevin çıxışında mərhum Prezident Heydər Əliyevin bu münasibətlərin qurulmasındakı rolu xüsusi vurğulandı. Bu, Azərbaycanın xarici siyasətində ardıcıllığın və strateji uzaqgörənliyin nə qədər vacib olduğunu göstərir. Heydər Əliyevin vaxtilə atdığı təməl addımlar bu gün öz bəhrəsini verir, yeni dünyanın tələblərinə cavab verən bir əməkdaşlıq modelinin əsasını təşkil edir.
Çinin modernləşmə təcrübəsi də Azərbaycan üçün əhəmiyyətli bir örnəkdir. İlham Əliyevin sözlərindən aydın olurdu ki, Azərbaycan iqtisadi islahatlar yolunda Çinin uğurlarını diqqətlə izləyir və bu təcrübədən bəhrələnmək niyyətindədir. Bu yanaşma, Azərbaycanın gələcəyə baxışında davamlı inkişaf və innovasiyalara açıq olmasının təzahürüdür. Bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi isə iki ölkə arasındakı tərəfdaşlığın artıq ənənəvi enerji sektorundan daha geniş sahələrə yayıldığını göstərir. Bu əməkdaşlıq həm də Azərbaycanın ekoloji dayanıqlılıq məqsədlərinə uyğun olaraq, yeni enerji mənbələri istiqamətindəki strateji addımlarını möhkəmləndirir. Müsahibənin ən diqqətçəkən məqamlarından biri isə vizasız rejimin tətbiqi oldu. Hər bir vətəndaş üçün sərbəst hərəkət imkanlarının yaradılması, xalqlar arasında əlaqələrin güclənməsi və qarşılıqlı anlayışın dərinləşməsi baxımından böyük əhəmiyyət daşıyır. Diplomatik münasibətləri real həyatla birləşdirən bu cür addımlar uzunmüddətli dostluğun əsasını təşkil edir.
İqtisadi sahədə isə Çin artıq Azərbaycanın əsas tərəfdaşlarından biridir. İdxalda birinci, ümumi ticarət dövriyyəsində dördüncü yerə sahib olması, Çinlə iqtisadi əlaqələrin strateji dəyərini bir daha göstərir. Üstəlik, bərpaolunan enerji, nəqliyyat və istehsal sahələrində müəyyənləşdirilən yeni hədəflər münasibətlərin gələcəyinin nə qədər perspektivli olduğunu sübut edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan çoxtərəfliliyin sadiq tərəfdarıdır. Bu isə Azərbaycanın yalnız ikitərəfli münasibətlərdə deyil, qlobal müstəvidə də daha ədalətli, sabit və inklüziv bir dünya düzəni qurmaq istiqamətində ardıcıl fəaliyyət göstərdiyini göstərir. Azərbaycan-Çin münasibətləri artıq sadəcə diplomatik tərəfdaşlıqdan çıxaraq dərin siyasi, iqtisadi və humanitar əməkdaşlıq modelinə çevrilib. Bu münasibətlər yalnız iki ölkənin deyil, bütün regionun gələcəyi üçün ümidverici bir model kimi çıxış edir.
Rəna Süleymanlı
Yeni Azərbaycan Partiyası, məsləhətçi