Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi statusunu uğurla daşımaqdadır.
2024-cü ildə COP-29-un məhz Azərbaycanda keçirilməsi ölkəmizin beynalxalq arenada durmadan artan nüfuzunun göstəricisidir. Azərbaycanın COP29-a ev sahibliyini 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişikliklər yaratmaq məqsədi daşıyan ölkələr üçün model olmaq istəyini nümayiş etdirir.
Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un yüksək səviyyədə təşkilinə görə bütün tərəflərin Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.
COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır.
Bundan əlavə COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi, İtki və Zərər Fondu tam şəkildə insitutlaşdırıldı, 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı, Bakı Adaptasiya Yol Xəritəsi yaradılması barədə qərarlar qəbul edildi.
Beləliklə, Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməklə iqlim dəyişmələri ilə mübarizəyə öz töhfələrini verdi.
Ləman Müslümzadə,
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi