Analitika

Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir

Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladaq ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb.

Dövlət müstəqilliyimizin ilk illərindən Ümummilli Lider Heydər Əliyev Pakistan-Azərbaycan münasibətlərinə böyük önəm verirdi. Görkəmli dövlət xadimi iki ölkə arasında olan münasibətləri belə səciyyələndirirdi: “Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimizin üzərində qurulub”. Pakistan İslam Respublikası islam dünyasının ən fəal, nüfuzlu və hərbi-siyasi baxımdan güclü dövlətlərindən biridir. ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olan bu ölkə həm də dünya siyasətində önəmli rol oynamaqdadır. Pakistan dünyada atom silahına və raket texnologiyasına malik olan yeganə müsəlman dövlətidir.

Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq forumlarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyir, beynəlxalq təşkilatlarda namizədlər məsələsində qarşılıqlı razılığa gəlirlər. İki qardaş dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər.

1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, “Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə” bağlanıb. 9 aprel 1996-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistanda rəsmi səfərdə olub. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə bir sıra sənədlər imzalanıb. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım edib. Vurğulamaq yerinə düşər ki. 1993-cü il aprelin 30-da Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib.

Hal-hazırda Azərbaycan Respublikası ilə Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri hər iki dövlətin və xalqlarının çoxistiqamətli mənafelərini ifadə etməkdədir. Hər iki dövlət arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlər xalqlar arasındakı inteqrasiyanın da güclənməsi zərurətini ortaya qoymaqdadır. Həmçinin hər iki dövlətin elm və təhsil sahəsindəki əməkdaşlıq imkanlarının reallaşması da inteqrsiya prosesinə təkan verən amillər sırasındadır. 

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button